Ferstappen qalib gəldi, şəxsi birincilikdə zirvəyə yüksəldi

6 Sentyabr, 13:29 Sosial mediada paylaşın:
Formula 1 üzrə Niderland Qran-prisi başa çatıb. Bir həftə əvvəl olduğu kimi, yenə də “Red Bull” pilotu Maks Ferstappen yarışı qalib kimi başa vurub. Belçikada güclü yağışa görə yarımçıq dayandırılan yarışda son dövrədəki çıxışına görə niderlandlı sürücü qalib elan edilmişdisə, Zandvort avtodromunda Maks əvvəldən axıra qədər liderliyini qorudu. Təsnifat mərhələsində poul-pozişnı ələ keçirən Ferstappen həlledici yarışda 72 dövrəni 1 saat 30 dəqiqə 5 saniyəyə qət etdi. Maraqlıdır ki, təsnifat mərhələsində müvafiq olaraq 2-ci – 3-cü yerləri tutan pilotlar da finişi eyni sıralama ilə keçdi. “Mersedes” pilotu Lüis Hemilton liderdən 20,9 saniyə, onun komanda yoldaşı Valtteri Bottas isə 56,4 saniyə geri qaldı. 18 pilot finiş xəttini müxtəlif vaxtlarda keçdiyi yarışda, “Alfa Tauri”dən Yuki Tsunoda, “Haas”dan Nikita Mazepin sona qədər mübarizə apara bilməyib.
Beləliklə, ardıcıl 2 Qran-pridə qalib gəldiyinə görə Maks Ferstappen 224,5 xalla şəxsi birincilikdə liderliyi ələ keçirib. Lüis Hemilton 221,5 xalla ikinci, 123 xal toplayan Valtteri Bottas isə 3-cü pillədə qərarlaşıb.  Mühəndislər Kubokunda isə “Mersedes” 344,5 xalla zirvədəki mövqeyini möhkəmlədib.  “Red Bull” 332,5 xalla 2-ci,  “Ferrari” 181,5 xalla 3-cü sıradadır. Növbəti yarış həftə sonu İtaliyanın Montsa avtodromunda keçriləcək.

CANLI YAYIM