Cavid Çələbiyev “Tokio-2020”yə qələbə ilə başlayıb

25 İyul, 09:42 Sosial mediada paylaşın:
Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Azərbaycan millisinin boksçusu Cavid Çələbiyev Yaponiya paytaxtında ilk qarşılaşmasına çıxıb.
63 kq çəkidə mübarizə aparan dünya çempionumuz “Ryoqoku Kokuqikan” İdman Sarayında keçirilən yarışın on altıdabir final çərçivəsində Yaroslav Hartsizlə (Ukrayna) qarşılaşıb. Görüş təmsilçimizin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
C.Çələbiyev səkkizdəbir finalda ermənistanlı Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də, Bakı vaxtı ilə saat 07:36-da başlayacaq.
Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

CANLI YAYIM