Lüis Hemilton Böyük Britaniya Qran-prisinin qalibidir

19 İyul, 09:05 Sosial mediada paylaşın:
Formula 1 üzrə Böyük Britaniya Qran-prisi geridə qalıb. Silverstoundakı yarış dramatikliyi ilə diqqət çəkib. Təsnifat mərhələsində və sprint yarışında rəqiblərini qabaqlayan “Red Bull” pilotu Maks Ferstappen yarışın əvvəlində xoşagəlməz vəziyyətlə üzləşib. Lüis Hemiltonun bolidi ilə toqquşan niderlandlı pilot mübarizəni dayandırmalı olub. Hemilton isə 10 saniyəlik cərimə olunub. Bundan istifadə edən “Ferrari” pilotu Şarl Lekler rəqiblərini qabaqlayaraq liderliyi ələ keçirib. Amma Hemilton sona doğru vəziyyəti xeyrinə dəyişərək yarışı qalib kimi başa vurub. Beləliklə də son 6 yarışda qələbə üzünə həsrət qalan britaniyalı pilot doğma publika önündə fəxri kürsünün ən üst pilləsinə qalxıb. Xatırladaq ki, buna qədər son 4 Qran-pridə Maks Ferstappen qalib olurdu.1 saat 58 dəqiqə 23 saniyəyə finişi keçən Hemiltondan 3 saniyə geridə qalan Şarl Lekler 2-ci, Lüisin komanda yoldaşı Valtteri Bottas isə 3-cü yeri tutub. Yeri gəlmişkən, Maks Ferstappenlə yanaşı, 4 qat dünya çempionu Sebastyan Fetteldə 43-cü dövrədə sıradan çıxaraq yarışı tamamlaya bilməyib.Şəxsi birinciliyə gəlincə, yarışı xalsız başa vurmasına baxmayaraq Maks Ferstappen 188 xalla liderliyini qoruyur. Lüis Hemilton 177 xalla ikinci, “Maklaren” pilotu Lando Norris isə 113 xalla 3-cü yerdədir. Mühəndislər Kubokuna isə “Red Bull” 289 xalla başçılıq edir. “Mersedes” 285 xalla 2-ci, “Maklaren” 163 xalla 3-cüdür.

CANLI YAYIM