Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edərək yarımfinala yüksəlib

22 İyun, 11:00 Sosial mediada paylaşın:
İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir.
Xəbər verilir ki, 41 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üç üzvü yarımfinal uğrunda mübarizə aparıb. İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov (64 kq) dörddəbir finalda Almaniya təmsilçisi David Gevorqyan ilə üz-üzə gəlib. Boksçumuz gərgin keçən döyüşdə erməni əsilli rəqibini 3:2 hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı da təmin edib. R.Rüstəmov finala vəsiqə uğrunda israilli Ahmad Ştivi ilə qarşılaşacaq.
Digər boksçularımız Maqsud Xasmetov (56 kq) rusiyalı Aleksey Kiselyevə 2:3, Mirəşrəf Kazımzadə (75 kq) ukraynalı Boqdan Tolmaçova 1:4 hesabı ilə məğlub olaraq medalın bir addımlığında mübarizəni dayandırıblar.
Turnirin final görüşləri iyunun 24-də olacaq. Mükafat fondu 320 min dollar olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, üçüncü yerin sahiblərinin hər biri 2 min dollar məbləğində mükafata sahib olublar.

CANLI YAYIM