Bədii gimnastlarımız “Egyptian Pharaohs Cup” turnirində uğurla çıxış ediblər

21 İyun, 17:15 Sosial mediada paylaşın:
Misirdə bədii gimnastika üzrə “Egyptian Pharaohs Cup” adlı beynəlxalq turnir keçirilib. Yarışda çıxış edən bədii gimnastlarımız ölkəmizi uğurla təmsil ediblər.
Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verilir ki, turnirdə Azərbaycan təmsilçiləri - Arzu Cəlilova böyüklər arasında, Alina Məmmədova gənclər yaş qrupunda, Məryəm Əliyeva, Gövhər İbrahimova və Aydan Rəhimova isə yeniyetmələr arasında çıxış ediblər.
A.Cəlilova topla nümayiş etdirdiyi proqramına görə bürünc medal qazanıb.
Yeniyetmələrin yarışlarında A qrupunda çıxış edən G.İbrahimova və M.Əliyeva 2 proqram üzrə qalib olublar. G.İbrahimova gürzlərlə, M.Əliyeva isə topla hərəkətlərdə həmyaşıdlarından fərqlənərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qızlar çoxnövçülükdə və halqa ilə çıxışlarına görə də fəxri kürsüdə mövqe tutmağı bacarıblar. Hər iki proqram üzrə G.İbrahimova gümüş, M.Əliyeva sə bürünc medala layiq görülüblər.
Yeniyetmələrin yarışlarında B qrupunda çıxış edən A.Rəhimova isə yarışdığı hər 3 proqramda (çoxnövçülük, alətsiz və halqa) ilk pillədə qərarlaşıb.
A.Məmmədova gənclərin çoxnövçülük yarışında 45 gimnast arasında 16-cı olub.

CANLI YAYIM