"Boston Seltiks" uğursuz mövsümə görə tənqidə tuş gəlir

16 May, 17:30 Sosial mediada paylaşın:
Son illər zəif təsir bağışlayan, bu mövsüm isə ümumiyyətlə imkanlarından aşağı səviyyədə çıxış edən “Boston Seltiks” hətta pley-offdan da kənarda qala bilər. MBA tarixinin “Leykers”lə yanaşı ən titullu komandası olan “Seltiks” hazırda basketbol ictimaiyyəti tərəfindən ciddi tənqid olunur. Hətta MBA əfsanəsi Çarlz Barkli də “yaşıllar”ın zəif çıxışına biganə qalmayıb və buna görə klub rəhbərliyini qınayıb: “Boston”un icraçı direktoru Denni Eync yaxın dostumdur,  amma o əldə etdikləri draft seçimlərindən istifadə edə bilmədi. Kayri İrvinq və Kemba Uolkeri heyətə cəlb etməklə səhvə yol verdilər.  İndi heç kim “Boston” ciddi komanda gözü ilə baxmır.  Bu komandanın çempionluqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.  “Boston”un bu günə düşməsində baş məşqçi Bred Stevens də günahkardır. Komanda qələbələrini sıralayanda o necə qəhrəman idisə, indi də bir o qədər günahkardır”.
Yeri gəlmişkən, “Boston”un icraçı direktoru Denni Eync narazı kütləni sakitləşdirmək üçün açıqlama vermək məcburiyyətində qalıb. O, yayda “Boston”un xeyli dəyişəcəyini söyləyib. Amma  o, aparıcı basketbolçularından imtina etməyəcəklərini də vurğulayıb.  Eync bir mövsümə görə, baş məşqçinin kəskin tənqidə məruz qalmağa layiq olmadığını da söyləyib.  O, hətta belə tənqidçiləri axmaq adlandırmaqdan da çəkinməyib.

CANLI YAYIM