Hemilton yenə də Portuqaliyada rəqiblərinə şans vermədi

3 May, 13:00 Sosial mediada paylaşın:
Formula 1-də mövsümün 3-cü Qran-prisi geridə qalıb.
Portuqaliyanın Alqarve avtodromunda keçirilən yarışda ardıcıl 2-ci mövsümdə də Lüis Hemilton finiş xəttini birinci keçib. Yarışa 2-ci sıradan start götürən “Mersedes” pilotu 66 dövrəni 1 saat 34 dəqiqə 31 saniyiyə qət edib. İki həftə əvvəl İmola Qran-prisinin qalibi olan Maks Ferstappen Hemiltondan 29 saniyə geri qalaraq 2-ci yeri tutubsa, yarışa ilk sıradan başlayan Valtteri Bottas 3-cü yerə sahib çıxıb. Adəti üzrə yenə də mövsümə uğursuz başlayan “Ferrari” pilotları bu dəfə də fəxri kürsüyə yüksələ bilməyib. İtaliya komandasını təmsil edən Şarl Lekler 6-cı, onun komanda yoldaşı Karlos Sayns 11-ci yeri tutub. Bu mövsüm yeni komandalarında debüt edən dünya çempionları Fernando Alonso ilə Sebastyan Fettel yenə də uğursuz göstərici ilə yadda qalıb. “Alpin”in ispaniyalı pilotu yarışı 8-ci, “Aston Martin”in almaniyalı pilotu isə 11-ci yerdə başa vurub. Maraqlıdır ki, yarış boyunca yalnız “Alfa Romeo” pilotu olan Kimi Raykkonen finiş xəttini keçə bilməyib.
Yeri gəlmişkən, 3 Qran-pridən sonra “Mersedes” pilotu Lüis Hemilton 69 xalla zirvədəki mövqeyini möhkəmlədib. “Red Bull” pilotu Maks Ferstappen 61 xalla 2-ci, “Maklaren”də çıxış edən Lando Norris 37 xalla 3-cü pillədə qərarlaşıb. Mühəndislər Kubokuna isə 101 xalla “Mersedes” başçılıq edir. “Red Bull” 83 xalla 2-ci, “Maklaren” 53 xalla 3-cü yerdədir.

CANLI YAYIM