Avropa Liqasında yarımfinalçılar müəyyənləşib

16 Aprel, 14:58 Sosial mediada paylaşın:
UEFA Avropa liqasında ¼ finalın cavab oyunları keçirilib. İlk görüşdə “Qranada”ya 2 cavabsız qolla qalib gələn “Mançester Yunayted” cavab matçına çıxıb. Maraqlıdır ki, bu dəfə də eyni nəticə qeydə alınıb. Sulşerin komandası rəqib qapısında 2 cavabsız top keçirib. 6-cı dəqiqədə Edinson Kavani hesabı açıb. Matçın sonlarında isə qonaqlardan Xesus Valyexo mübarizəyə nöqtə qoyub. Beləliklə, “Mançester Yunayted” yarımfinala yüksəlib.
İngiltərənin daha bir təmsilçisi “Arsenal” isə Praqa “Slaviya”sı ilə revanş görüşünə çıxıb. İlk oyunda 1-1 hesablı heç-heçə edən “topçular” səfərdə daha yaxşı oyun nümayiş etdiriblər. Mikel Artetanın komandası 4 cavabsız qolla qalib gəlib. Nikolya Pepe və Bukayo Saka hərəyə bir dəfə fərqləndiyi halda, Aleksandr Lyakazett dubl edib. 4-0 hesabı ilə qələbə qazanan “Arsenal” yarımfinaldadır.
İlk matçda Zaqreb “Dinamo”sunu minimal hesabla məğlub edən “Vilyarreal” cavab görüşündə də qalib gələrək mərhələ adlayıb. Meydan sahiblərindən Pako Alkaser və Jerar Moreno fərqlənib. Qonaqlardan isə Mislav Orşiçin qolu təsəllidən başqa bir işə yaramayıb. “Vilyarreal” – “Dinamo”: 2-1. Digər görüşdə isə “Roma” iki oyunun nəticəsinə görə “Ayaks”ı mübarizədən kənarlaşdırıb.

CANLI YAYIM