Şahmat üzrə İddiaçılar Turniri normal qaydada keçiriləcək

14 Aprel, 17:30 Sosial mediada paylaşın:
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç Yekaterenburqda aprelin 19-da bərpa olunan İddiaçılar Turnirini normal şəkildə təşkil edəcəklərinə ümid bəsləyir. FİDE rəhbəri ötən il koronavirus pandemiyasına görə yarımçıq dayandırılan yarışın keçirilməsində bu dəfə problem yaşanmayacağını bildirib: “Turniri normal şəkildə təşkil edəcəyimizə inanırıq. Bunun üçün əlimizdən gələni edəcəyik. İştirakçılardan biri koronavirusa yoluxsa, yarış yarımçıq dayandırlmayacaq. Sadəcə digər şahmatçılar koronavirus testindən keçəcək. Amma əlbəttə, həmin şəraidə konkret vəziyyətdən də çox şey asılı olacaq. Ümid edirəm ki, iştirakçılardan heç biri koronavirusa yoluxmayacaq. Şahmatçılar gigiyena qaydalarına fikir verir və məsuliyyətlərini dərk edirlər. Onlar nəhayət ki, bu turniri başa vurmaq istəyirlər”.
Yeri gəlmişkən, Dvorkoviç idmançıların vaksinasiya prosesindən keçməsinə də münasibət bildirib: “Məndə olan məlumata görə, Yan Nepomnyaşi və Van Hao peyvənd olunub. Bəlkə digərləri də bu prosesə qoşulub. Heç kimin şəxsi işinə qarışmaq istəmirəm”.
Xatırladaq ki, İddiaçılar Turnirində qrossmeysterimiz Teymur Rəcəbov da çıxış etməli idi. Amma onun koronavirusla bağlı vəziyyətə görə təşkilat komitəsini yarışı keçirməməyə çağırması FIDE rəhbərliyinin xoşuna gəlməmiş, nəticədə beynəlxalq qurum Teymuru yarışdan kənarlaşdıraraq bunu şahmatçımızın öz istəyi ilə əlaqələndirmişdi. Rəcəbovun yerinə Maksim Vaşye-Laqrav turnirə dəvət olunmuşdu. Zaman isə Teymurun haqlı olduğunu göstərdi...

CANLI YAYIM