Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşırlar

10 Aprel, 09:18 Sosial mediada paylaşın:
Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöldə təlim-məşq toplanışını davam etdirirlər.
Ötən həftənin ilk günlərindən Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının rəhbərliyi də yaxından izləyir. Təlim-məşq toplanışının əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis Mark Alan Filippi ölkəmizə dəvət olunub. Güləşçilərimiz amerikalı mütəxəssisin nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.
Sərbəst güləş üzrə yığmamız baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçi Arif Abdullayev, yunan-Roma güləşi üzrə millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyev, qadınlardan ibarət komandamız isə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında qarşıdan gələn iki mühüm yarışa hazırlaşırlar.
Güləşçilərimiz ölkəmizi aprelin 19-dan 25-dək Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatında və mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq dünya Olimpiya təsnifat turnirində təmsil edəcəklər.
Qitə birinciliyində iştirak edəcək heyət həftəsonu Bakıya qayıdacaq və taktiki-texniki hazırlığı Olimpiya Güləş Mərkəzində keçəcək. Digər güləşçilər isə Göygöldə hazırlığı davam etdirəcəklər.

CANLI YAYIM