Braun Formula 1-də bütün Qran-prilərin keçiriləcəyinə inanmır

6 Aprel, 17:30 Sosial mediada paylaşın:
Ötən mövsüm koronavirus pandemisyasına görə Formula 1-də bir neçə Qran-pri ləğv edilmişdi. Hətta Bakıdakı yarış da ölkəmizdəki epidemioloji şəraitlə əlaqədar təşkil olunmamışdı. Bu il vəziyyət elə də faciəvi həddə çatmasa da, bəzi Qran-prilərlə bağlı problem var. Azərbaycan Qran-prisi planlaşdırıldığı kimi iyunun əvvəlində keçiriləcək. Amma bu sözü hər Qran-priyə də aid etmək olmaz.
Bu il Formula 1-də rekord sayda Qran-pri təşkil olunmalıdır. Hər halda, kağız üzərində 23 yarışın keçirilməsi planlaşdırılır. Amma pandemiya dövründə bunu reallaşdırmaq heç də asan məsələ deyil. Dünyanın nüfuzlu nəşrlərinin yazdıqlarına inansaq, bir neçə ölkədə epidemioloji vəziyyətlə əlaqədar bəzi yarışlar ləğv edilə bilər. Hətta Formula 1 komandaları da rekord sayda Qran-prinin təşkil ediləcəyinə inanmır. “Maklaren”ın rəhbəri Zak Braun mətbuata açıqlama verərək pandemiyanın yarışların təşkilinə təsir göstərəcəyini deyib. Onun fikrincə, ötən mövsüm Formula 1 rəhbərliyi  6 ay ərzində 17 turniri təşkil etməklə ağır işin öhdəsindən məharətlə gəldi. Düzdür, 2021-ci il mövsümü tam planlaşdırılan vaxtda, yəni martda start götürdü. Buna baxmayaraq, Braun bir neçə yarışın ləğv ediləcəyini düşünür. O hesab edir ki, vaxtilə 15-17 turnirin keçirilməsi bir mövsüm üçün adi bir plan idisə, pandemiya şəraitində 20 Qran-pri təşkil etmək mükəmməl göstərici olacaq. Böyük ehtimalla, haradasa 3 yarış ləğv ediləcək və mövsüm 20 Qran-pri ilə yekunlaşacaq. Bəzi mənbələrin yazdığına görə, Kanada və Braziliya Qran-prilərinin taleyi sual atındadır. Onların yerinə Bəhreyn və Türkiyədə turnirlər keçirilə bilər.

CANLI YAYIM