"Bruklin" və "Klivlend" qələbə qazanıb

6 Aprel, 16:30 Sosial mediada paylaşın:
Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında mübarizə davam edir. Şərq konfransının yeni lideri “Bruklin Nets” eyni konfransda pley-ofa çıxmaq uğrunda yarışan “Nyu York Niks”i qəbul edib. Böyük fasiləyə kimi Nyu York basketbolçuları üstünlük qazansalar da, “Bruklin” klubu 3-cü perioddan təşəbbüsə yiyələnərək fərqi aradan qaldırıb. Sonuncu bölüm gərginliyi ilə seçilib. Yekunda “Bruklin Nets” 114:112 hesabilə qələbə qazanıb. Qalib komandanın heyətində Kayri İrvinq 40 xal, 2 ribaund, 7 məhsuldar ötürməylə görüşün ən yaxşısı seçilib. Bruklin basketbolçuları qələbə sayəsində Şərq konfransında zirvədə daha da möhkəmləniblər. “Nyu York Niks” eyni zonada 8-cidir.
Şərq konfransında aşağı sıralarda olan “Klivlend Kavalyers” ardıcıl 5 məğlubiyyətdən sonra nəhayət qalib gəlib. Komanda səfərdə “San Antonio Spörs”dən üstün olub 125:101. “Klivlend”ə 37 xal qazandıran Darius Qarlend karyerasının ən yaxşı nəticəsini göstərərək qələbədə mühüm rol oynayıb.

CANLI YAYIM