Bu mövsüm "Rolan Qarros" turniri ləğv edilə bilərmi?

2 Aprel, 16:35 Sosial mediada paylaşın:
Ötən mövsüm koronavirus pandemiyasına görə tennis üzrə “Böyük Dəbilqə” turnirlərindən yalnız “Uimbldon” yarışı keçirilmədi.  Bu il isə hələ belə bir təhlükə yoxdur. Nəzərə alaq ki, “Australian Open” də müəyyən məhdudiyyətlərə baxmayaraq normal şəraitdə keçdi.  Bəs may ayında keçirilməli olan “Rolan Qarros” turnirinin aqibəti necə olacaq? 
Təqvimə əsasən mayın 17-də start götürməli olan “Rolan Qarros” turnirinin bu mövsüm ləğv olunma ehtimalı var.  Mətbuata açıqlama verən Fransa Tennis Federasiyasının prezidenti Jil Moretton “Böyük Dəbilqə” turnirinin ləğvini istisna etməyib. Amma o, bunun sadəcə variantlardan biri olduğunu söyləyib. Morettonun sözlərinə görə, Fransa hökuməti qarşıdakı iki ayda karantin rejimini sərtləşdirsə, turnirin təşkilat komitəsinin rəhbərliyi müəyyən qərarlar qəbul edəcək. Bunlar arasında ən pisi isə “Rolan Qarros”un ləğvi olacaq. Ancaq təşkilatçılar indiki məqamda bu haqda fikirləşmək istəmir.  Yeri gəlmişkən, variantlardan biri də turnirin azarkeşsiz keçirilməsidir. Fransa Tennis Federasiyasının prezidentinin sözlərinə görə kortların tennis azarkeşlərinin üzünə qapanması əsas müzakirə mövzularından biridir. O,  Monte-Karloda keçiriəcək “Masters” turnirinin  belə məqamda sınaq xarakteri daşıyacağını söyləyib.  Xatırladaq ki, hazırda Fransada koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Fransada son günlər orta hesabla 40 minə yaxın adam  bu virusa yoluxur. Ölkədə məktəblər qapadılıb, Paris xəstəxanaları tam dolub. Yeri gəlmişkən, ötən mövsüm mayda keçirilməli olan “Rolan Qarros” turniri koronavirus pandemiyasına görə təxirə salınmışdı. Turnir  sentyabrda azarkeşsiz keçirimişdi.

CANLI YAYIM