İdmançıların vaksinasiyasına zərurət

1 Aprel, 17:43 Sosial mediada paylaşın:
Koronavirus pandemiyası bütün idman növlərini çətin vəziyyətə salıb. Bəşəri bəla səbəbindən ya böyük turnirlər ya ləğv edilir, ya təxirə salınır, ya da məhdudiyyətlərlə keçirilir.  Belə bir  problemi yoluna qoymaq nə qədər çətin olsa da, bu istiqamətdə müəyyən işlər görülür. Bu mənada idmançıların vaksinasiyadan keçməsi xüsusi qeyd olunmalıdır.
Koronavirus pandemiyasına görə artıq idmançılar arasında da kütləvi vaksinasiya prosesinə start verilib. Doğrudur, bütün düyna üzrə bu proses məcburi şəkildə həyata keçirilmir. Hətta Beynəlxalq Olimpiya Komitəsi belə Tokio Olimpiadasında iştirak edəcək atletləri peyvənd olunmağa məcbur etmir. Belə bir məqamda öz sağlamlığını düşünən və ən əsası məsələni ciddiyə alan yığmalar və ya komandalar var. Bu mənada Olimpiadada iştirak edəcək avstraliyalıları xüsusi fərqləndirə bilərik.  Tokio Olimpiya oyunlarında bu ölkəni təmsil edən bütün idmançılar koronavirus əleyhinə peyvənd olunacaq. Avstraliya Milli Olimpiya Komitəsinin nümayəndə heyətinin rəhbəri Yan Çesterman bu barədə mətbuata açıqlama verib: “Olimpiadada iştirak edəcək bütün idmançılarımız vaksinasiyadan keçəcək. Hazırda bu istiqamətdə səhiyyə orqanları ilə birgə iş aparırıq. İdmançılar sağlam şəraitdə mübarizə aparacaqlarına əmin olmalıdır. Hər halda, onların bizim qayğımıza ehtiyacı var. Təbii ki, vaksinasiya könüllü prosesdir. Amma istənilən halda, peyvənd olunan idmançılar daha təhlükəsiz olacaq ki, bu da onlara üstünlük qazandıracaq. Beynəlxalq Olimpiya Komitəsi də bu ideyanın tərəfdarıdır”.
Yeri gəlmişkən, MXL-də mübarizə aparan “Veqas” klubunun rəhbərliyi bütün üzvlərinin vaksinasiyadan keçirməklə bağlı qərar qəbul edib. Mətbuata açıqlama verən klubun sahibi Bill Fouli artıq xokkeyçilərin ilk mərhələdə peyvənd olunduğunu söyləyib. O yaxın günlərdə ikinci mərhələyə start verəcəklərini bildirib. Xatlıladaq ki, “Veqas” hazırda Qərb Konfransının lideridir.

CANLI YAYIM