Cüdoçularımız “Böyük dəbilqə” turnirinin birinci gününü medalsız başa vurublar

6 Mart, 12:14 Sosial mediada paylaşın:
Martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürən “Böyük dəbilqə” turnirinin birinci günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparıb.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov ilk qarşılaşmada Ayub Bliyevi, daha sonra Cənubi Koreyadan olan Harim Lini, səkkizdəbir finalda isə türkiyəli Mirac Akkuşu məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə tacikistanlı Şahboz Saidaburov üzərində qələbə qazanan idmançımız yarımfinala vəsiqə əldə etsə də, final uğrunda Qazaxıstan təmsilçisi Yeldos Smetov ilə qarşılaşmada məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda Fransa təmsilçisi Luka Mxeidze ilə qarşılaşmada da uduzub və yarışı medalsız tərk edib.
Həmin çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadənin çıxışı da uğurlu alınmayıb. Belə ki, o, ilk görüşdə Morits Plafkinə (Almaniya) qalib gəlsə də, növbəti qarşılaşmada yerli idmançı Kemran Nurullayevə uduzub. Digər cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) də turnirdə cəmi iki görüş keçirə bilib. Bolqarıstanlı Bojidar Temelkova ilk qarşılaşmada qalib gələn N.Şıxəlizadə, növbəti mərhələdə Cənubi Koreyadan olan rəqibi Baul An ilə qarşılaşmadan məğlub ayrılıb.
Qadın cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) ilk görüşdə özbəkistanlı Halimocon Qurbanovaya uduzub. Həmin çəki dərəcəsində çıxış edən Leyla Əliyeva (48 kq) birinci qarşılaşmada yerli idmançı Gülnur Muratbəyova üzərində qələbə qazansa da, növbəti mərhələdə serbiyalı Milika Nikoliçin öhdəsindən gələ bilməyib.
Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır. Yarışda ümumilikdə 71 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir.

CANLI YAYIM