"Fənər" ardıcıl 4-cü ev oyununda da xal itirib

5 Mart, 12:25 Sosial mediada paylaşın:
“Fənərbağça” “Sükrü Saracoğlu” stadionunda “Antalyaspor”la üz-üzə gəlib.
Oyuna meydan sahibləri daha yaxşı başlasalar da, hesabı qonaqlar açıblar. 12-ci dəqiqədə Fredi Ribeyro müdafiəçilərin səhvindən ustalıqla yararlanaraq topu uzaq məsafədən qapıya göndərib. Qoldan sonra irəli atılan Erol Bulutun komandası ikinci hissəyə də yaxşı başlayıb. Lakin 67-ci dəqiqədə komandanın yarımmüdafiəçisi Mesut Özil zədələnərək əvəzlənib. Onun yerinə meydana daxil olan İrfan Can Kahveci isə “Fənərbağça”nın heyətində debüt edib. Oyunun sonlarında İstanbul klubu məğlubiyyətdən xilas olub. Enner Valensiya yekun nəticəni müəyyənləşdirib - 1:1.  Beləliklə də, "Fənər" ardıcıl 4-cü ev oyununda da xal itirib. 
Ötən tur doğma meydanda “Fənərbağça”ya uduzan “Trabzonspor” isə bu dəfə qalib gəlib. Səfərdə “Kasımpaşa” ilə üz-üzə gələn “Qara Dəniz Fırtınası” 24-cü dəqiqədə hesabı açıb. Jorje Canini diqqət mərkəzinə düşüb. Hücumlarını artıran meydan sahibləri 40-cı dəqiqədə oyunda tarazlıq yaradıblar. Yusuf Ərdoğan penaltini dəqiq yerinə yetirib. Amma “Trabzonspor” fasilədən sonra qələbə qolunu vurmağa nail olub. Anastasios Bakasetas mübarizəyə nöqtə qoyub. “Kasımpaşa” – “Trabzonspor” 1:2. 28-ci turun yekununda yarış cədvəlinin zirvəsində qərarlaşan komandalar arasında dəyişiklik olmayıb. 57 xalı olan “Qalatasaray” və “Beşiktaş” liderliyi bölüşürlər. Amma qeyd edək ki, “qara qartallar” rəqibindən bir oyun az keçirib. 2 xal az toplayan “Fənərbağça” üçüncü, 51 xalı olan “Trabzonspor” isə 4-cüdür.

CANLI YAYIM