5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür

5 Mart, 12:01 Sosial mediada paylaşın:
5 mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman günüdür.  Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda bədən tərbiyəsi və idman gününün martın 5-i qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və avropa çempionatlarının qaliblərilə görüşüb. “İdmana qayğını öz üzərimə götürürəm və siz bu qayğını daim hiss edəcəksiniz” -  ulu öndərin bu tarixi sözləri söylədiyi  həmin tədbirdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strateji istiqamət müəyyənləşdirildi. Həmin tarixi görüşdən az sonra Azərbaycan Prezidenti Yanında İdman Fondu yaradıldı. Görüşün iştirakçılarından olan idman mütəxəssisləri  5 martın Azərbaycanın idman həyatında dönüş nöqtəsi olduğunu bildirir.
Elə həmin dövrdə  İlham Əliyev milli olimpiya komitəsinin prezidenti  seçiləndən sonra ölkəmizdə idmana diqqət daha da artdı. Maddi-texniki baza möhkəmləndirildi, idmançıların məşq şəraiti yaxşılaşdırıldı, onların yarışlara peşəkar səviyyədə hazırlaşması üçün lazımi tədbirlər görüldü. Bütün bunlar tezliklə mötəbər turnirlərdə nailiyyətlərində əksini tapdı. Sidney, Afina, Pekin, daha sonra London və Rio-de-Janeyro olimpiadalarında Azərbaycan idmançıları uğurla çıxış etdilər. 1996-cı ildən bəri ötən  müddət ərzində atletlərimiz  dünya komandaları arasında liderlər qrupuna doğru  irəliləyərək ilk 20-liyə daxil olub, olimpiya hərəkatının ən fəal üzvləri kimi tanınıblar.
Respublikamız təkcə atletlərimizin uğurları ilə deyil, həm də beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi də şöhrət qazanıb. Mütəxəssislər də etiraf edirlər ki, artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Ölkə rəhbərinin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. İndi təkcə Bakıda deyil, bütün bölgələrimizdə müasir olimpiya kompleksləri fəaliyyət göstərir. Onların nəzdində yaradılan bölmələrin yetirmələri ən müxtəlif turnirlərdə fərqlənirlər.

CANLI YAYIM