Əhmədnəbi Qvarzatilov və Cəbrayıl Hacıyev Kiyev turnirinin finalına yüksəlib

28 Fevral, 09:50 Sosial mediada paylaşın:
Ukraynada güləş üzrə Kiyev turniri davam edir.
Yarışın ikinci günündə 8 güləşçimiz mübarizəyə qoşulub.
Əhmədnəbi Qvarzatilov ilk görüşdə Macarıstan güləşçisinə vaxtından əvvəl qalib gəlib. Yığmamızın təcrübəli üzvü ukraynalı rəqibinə də eyni aqibəti yaşadaraq yarımfinala yüksəlib. Qırğızıstan güləşçisindən də güclü olan Qvarzatilov finala vəsiqə qazanıb.
Böyüklər arasında debüt edən Cəbrayıl Hacıyev əvvəlcə moldovalı rəqibini üstələyib. Gənc güləşçimiz daha sonra yerli pəhləvan üzərində əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Cəbrayıl Qırğızıstan təmsilçisinə də gücünü göstərərək finala adlayıb.
Rəşad Yusifli yarışa türk həmkarı üzərində inamlı qələbəylə başlasa da, növbəti mərhələdə məğlub olub.
Osman Nurməhəmmədov debütdə Belarus təmsilçisinə sonuncu xal prinsipinə əsasən məğlub olub.
Vahid Qalayev startda təcrübəli Rusiya güləşçisini məyus edib. Ancaq daha sonra polşalı həmkarına uduzub.Tatyana Varansova ilk mərhələdə yerli güləşçiyə müqavimət göstərə bilməyib. 53 kq-dakı digər təmsilçimiz Leyla Qurbanova isə moldovalı rəqibinə yenilib.Tatyana Omelçenko təsnifat mərhələsində Polşa idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq 1/8 finalda dünya və 3 qat Avropa çempionu olmuş ukraynalı rəqibi ilə bacarmayıb.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 28-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 14:00-da, medal qarşılaşmaları isə 16:00-da başlayacaq.

CANLI YAYIM