57 il əvvəl Məhəmməd Əli ilk kəmərini qazanıb

24 Fevral, 13:00 Sosial mediada paylaşın:
Məhəmməd Əli təkcə boksun yox, idman tarixinin ən aparıcı fiqurlarından sayılır. Onun karyerası boyunca əldə etdiyi uğurlar hər bir idmançı üçün stimul mənbəyidir. Amma onun uğura gedən yolunun başlanğıcı heç də hamar olmayıb. 1964-cü ilin məhz bu günü dahi amerikalı boksçu dünyanın diqqətini öz üzərinə cəlb edərək ilk titulunu qazanıb.
57 il əvvəl dünya boks tarixində yeni səhifə açıldı. Dünyanın hazırda Məhəmməd Əli kimi tanıdığı amerikalı boksçu Kassisus Kley fevralın 24-də karyerasında ilk çempionluq kəmərinə sahib çıxdı. 22 yaşlı boksçu Mayamidə ağır çəki dərəcəsində Conni Listonu məğlub edərək diqqət mərkəzinə düşdü.
Maraqlıdır ki, Liston həmin dövr çox güclü olduğundan heç kim tanınmayan Məhəmməd Əlinin uğur qazanacağına inanmırdı. Jurnalistlər və mütəxəssislər Listonun titulunu qoruyacağına inanırdı. Onun 22 yaşlı inadkar rəqibi döyüşün baş tutması üçün hər cür təxribata əl atıb kəskin atmacaları ilə diqqət çəksə də, görüşə maraq az idi. Mayamidəki 16 minlik zalın yalnız yarısı dolmuşdu. Döyüşdən öncə kimi dindirirdinsə, Listonun rəqibini erkən nokauta yollayacağını və buna görə bilet almağa ehtiyac duyulmur cavabı eşidilirdi. Amma Əli özünəməxsus taktika ilə bütün proqnozları alt-üst etdi. Görüş tam fərqli ssenari ilə keçidi. Kassius Kley rəqibin zərbələrindən yayınaraq onu yormağa başladı. Artıq 3-cü raunddan gənc boksçu üstünlüyü ələ aldı. 6-cı raundda isə gələcəyin dahi boksçusu təcrübəli rəqibini nokaut etdi. Qazandığı möhtəşəm qələbəyə görə rinqdə çılğınlıqla sevinən Əli qışqıraraq jurnalistləri proqnoz tipli məqalələrini yeməyə səslədi və özünü dahi adlandırdı. Bir müddətdən sonra isə Kassius Kley islamı qəbul edərək dünyada Məhəmməd Əli adı ilə tanınmağa başladı.

CANLI YAYIM