Tennisçilər peyvənd olunacaqmı?

23 Fevral, 17:15 Sosial mediada paylaşın:
Son günlər ictimaiyyət arasında idmançıların vaksinasiya məsələsi müzakirə olunur. Xüsusən də bu məsələ Tokio Olimpiadası üçün aktuallığa çevrilir. Doğrudur Beynəlxalq Olimpiya Komitəsi bununla bağlı qərar qəbul etməyə tələsmir. Müxtəlif növləri təmsil edən idmançılarla da bağlı konkret qərar qəbul olunmayıb. Amma tennisçilər arasında bu məsələ aktuallığını qoruyur. Çünki tennisçilər digər növlərlə müqayisədə il ərzində daha çox ölkələrə səfərlər edir.
Tennisçilər digər idman növləri ilə məşğul olan həmkarları kimi məcburi vaksinasiya prosesindən keçmir. Amma indiki məqamda buna daha çox raketka ustaları ehtiyac duyur. Çünki hansısa bir idman növü ilə məşğul olan atlet tennisçi kimi mövsüm ərzində hər qitəyə səyahət etmir. Bu idman növü ilə məşğul olanlar demək olar ki, hər həftə ölkə dəyişir. Bu da koronavirusun potensial daşıyıcısı olmaq deməkdir. Amma nə ATP, nə də WTA tennisçiləri peyvənd olunmağa məcbur etmir. Bəs görəsən, raketka ustaları bu barədə nə fikirləşir? ATP reytiniqinin lideri Novak Cokoviç bu haqda fikir bildirməyə çətinlik çəkdiyini söyləyib: “Bizi nə gözlədiyini deyə bilmərəm. Doğrudur, bu məsələ müntəzəm olaraq müzakirə olunur, amma hələ də konkret qərar qəbul olunmayıb. Bizə ancaq gözləmək qalır. Bir məsələ haqda konkret heç bir qərar qəbul olunmayıbsa, onun haqda nə danışa bilərəm?” Avstraliya Açıq tennis turnirinin finalında Novak Cokoviçə məğlub olan Daniil Medvedev isə bunları söyləyib: “Həmkarlarımla bu məsələ ilə bağlı çox müzakirələr aparmamışam. Gələcəkdə hansı qərar qəbul ediləcəyini də deyə bilmərəm. Amma bizim qarşımızda belə bir şərtin qoyulacağı istisna olunmur. Çünki biz müntəzəm olaraq müxtəlif ölkələrə səfər edirik. Hansısa bir turnirin təşkilatçısı vaksinasiyadan keçməyi qarşımıza tələb qoya bilər. Şəxsən mən bu prosesin könüllülük prinsipi ilə həyata keçməsini istəyərdim. Məncə hər şey buna doğru da gedir!”
 

CANLI YAYIM