Biatlon üzrə dünya çempionatı başa çatıb

22 Fevral, 12:00 Sosial mediada paylaşın:
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatı başa çatıb. Çempionatın sonuncu günündə kişilər və qadınlar arasında mass-start yarışı keçirilib. Norveç millisi çempionatı komanda hesabında lider kimi başa vurub.
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatına yekun vurulub. Çempionatın sonuncu günündə azarkeşlər kişilər və qadınlar arasında mass-start yarışını izləyib. Kişilərin yarışında norveçli Strula Holm Leqreyd qızıl medal qazanıb. 24 yaşlı biatlonçu hədəfdən cəmi bir dəfə yayınaraq 15 km məsafəni 36 dəqiqə 27 saniyəyə qət edərək çempion olub. Liderdən 10 saniyə geri qalan digər norveçli biatlonçu Yohannes Dale gümüş medal qazanıb. Fransalı Kenten Fiyon Maye 3-cü pilləni tutub.
Qadınların yarışında isə avstriyalı Liza Tereza Hauzer qalib gəlib. O, hədəfdən yayınmayaraq 12,5 km məsafəni 36 dəqiqəyə qət edərək hamını qabaqlayıb. Liderdən 27 saniyə geridə qalan İnqrid Landmark Tandervold 2-ci, onun həmyerlisi Tiril Ekhoff isə üçüncü yeri tutub. Yeri gəlmişkən, Ekhoff çempionatı ən çox medal qazanan biatlonçu kimi bitirib. 30 yaşlı idmançı Poklyukada 4 qızıl 1 gümüş və 1 bürünc medal qazanıb. Ümumilikdə isə norveçlilər çempionatı komanda hesabında lider kimi başa vurub. Skandinaviyalılar Sloveniyada 7-i qızıl olmaqla 14 medal qazanıb. 2 qızıl, 2 gümüş və 3 bürünc medalla Fransa millisi 2-ci yeri tutubsa, 1 qızıl, 3 gümüş və 2 bürünc medala sahib çıxan İsveç biatlonçuları 3-cü olub. Ümumilikdə çempionatda 9 ölkənin biatlonçuları medal qazanıb. Növbəti dünya çempionatı 2023-cü ildə Almaniyanın Oberhof məntəqəsində keçiriləcək.

CANLI YAYIM