Biatlon üzrə dünya çempionatında Norveç millisi daha iki qızıl medal qazanıb

21 Fevral, 12:20 Sosial mediada paylaşın:
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatı davam edir. Çempionatın 9-cu günündə kişilər və qadınlar arasında estafet yarışı keçirilib. Hər iki halda Norveç biatlonçuları qızıl medal qazanıb.
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatında 9-cu gün geridə qalıb. Çempionatda ilk dəfə bir gündə iki yarış keçirilib. Kişilərin estafet yarışında çempionatın əsas favoriti Norveç millisi Strula Holm Leqreyd, Taryey Bö, Yohannes Bö və və Vetle Şestad Kristiansenin iştirakı ilə qızıl medal qazanıb. Skandinaviya təmsilçiləri 4 fərqli idmançı ilə 8 əlavə patrondan istifadə edərək hərəyə 7,5 km məsafəni ümumilikdə 1 saat 1 dəqiqə və 27 saniyəyə qət edərək çempion olub. Liderdən 33 saniyə geri qalan İsveç biatlonçuları gümüş medal qazanıb. Bu günə qədər fəxri kürsüyə yüksələ bilməyən Rusiya biatlonçuları isə nəhayət sindromu qıraraq bürünc medala sahib çıxıb.
Elə qadınların yarışı da norveçlilərin diqtəsi altında keçib. İnqrid Landmark Tandervold, Tiril Ekhoff, İda Lien və Marte Reysland ümumilikdə 11 əlavə partondan istifadə etsə də digər rəqiblərini qabaqlayıb. Norveçlilər hərəyə 6 km məsafəni ümumilikdə 1 saat 10 dəqiqə 39 saniyəyə qət edərək qızıl medala sahib çıxıb. Onlardan 8,8 saniyə geridə qalan Almaniya biatlonçuları gümüş medal qazanıbsa, ukraynalılar 3-cü yeri tutub. Xatırladaq ki, 6 qızıl medal qazanan Norveç millisi komanda hesabında liderliyini davam etdirir. Fransızlar 2 qızıl medalla 2-ci, hərəyə bir qızıl medal qazanan İsveç və Çexiya milliləri 3 və 4-cü yeri bölüşür. Sadəcə isveçlilər çexlərdən 5 artıq medala sahib çıxıb.

CANLI YAYIM