"All Star"ın ilk 5-liyi məlum olub

20 Fevral, 12:17 Sosial mediada paylaşın:
Bu mövsüm MBA-da “All Star” həftəsinin ləğvi gözlənilsə də, liqa rəhbərliyi fikrindən daşınıb. Təşkilatçılıq isə İndianapolis şəhərindən alınaraq Atlantaya verilib. Artıq “Ulduzlar matçı”nın start 5-liyi məlum olub.
MBA “All Star” matçının start heyətini açıqlayıb.  Martın 7-də Qərb ulduzlarının heyətində “Leykers”dən Lebron Ceyms, “Qolden Steyt”dən Stefen Körri, “Dallas”dan Luka Donçiç, “Denver”dən Nikola Yokiç, “Klippers”dən Kavay Leonard meydana çıxacaq. Şərq ulduzlarının heyətində isə “Bruklin”dən Kevin Dürantla Kayri İrvinq, “Miluoki”dən Yannis Adetokumbo, “Vaşinqton”dan Bredli Bil və “Filadelfiya”dan Coel Embiid mübarizə aparacaq. Siyahıya nəzər salarkən, gözlənilməz seçimlərin şahidi olmadığımızı söyləyə bilərik. Amma istənilən halda bəzi basketbolçuların ilk 5-likdə yer almadığını qabartmaq mümkündür. Bu mənada “Leykers”in ulduzu Entoni Devisin adını çəkmək olar. Hazırda zədə problemindən əziyyət çəksə də, Devisin “All Star” matçına qədər meydana çıxacağı gözlənilirdi. Sadəcə, onun bu problemindən əziyyət çəkməsi siyahıdan kənarda qalmasına səbəb oldu.  Yeri gəlmişkən, Bredli Billə Nikola Yokiçin də karyeralarında ilk dəfə “All Star” matçının ilk 5-liyinə düşdüyünə də xatırladaq. Ümumilikdə isə bu oyunçular arasında “Ulduzlar matçı”na ən çox Lebron Ceymsin dəvət olunduğunu vurğulayaq. “Leykers”in ulduzu 17 dəfə bu şounun iştirakçısı olub.

CANLI YAYIM