Biatlon üzrə dünya çempionatında ilk sensasiya

17 Fevral, 15:25 Sosial mediada paylaşın:
Sloveniyada keçirilən biatlon üzrə dünya çempionatında qadınların fərdi yarışı geridə qalıb.
İlk 5 gündə azarkeşlər favoritlərin hegemonluğunun şahidi olubsa, bu dəfə gözlənilməz nəticə qeydə alınıb. Poklyuka məntəqəsində keçirilən yarışda çexiyalı biatlonçu Marketa Davidova çempion olub. O, hədəfi hər cəhddə dəqiq nişan aldıqdan sonra 15 km məsafəni 42 dəqiqə 27 saniyəyə dəf edərək  finiş xəttini birinci keçib.  Xatırladaq ki, bu Marketanın böyük turnirlərdə ilk qələbəsidir. Davidova ötən il İtaliyada keçirilən dünya çempionatında qarışıq estafet yarışında bürünc medal qazanmışdı. Yeri gəlmişkən, qadınların fərdi yarışında Marketadan 27 saniyə geridə qalan isveçli Hanna Eberq gümüş medala sahib çıxıbsa, norveçli İnqrid Landmark Tandrevold bürünc medal qazanıb. Rusiya millisinə gəlincə, neytral bayraq altında mübarizə aparan şimal qonşularımız bu dəfə də uğursuzluqla üzləşib. Bu mənada rusiyalılar arasında ən yaxşı göstəriciyə 5-ci yeri tutan Svetlana Mironova imza atıb. Xatırladaq ki, Rusiya millisi hələ də çempionatda medal qazana bilməyib.

CANLI YAYIM