Bu gün Çempionlar Liqasında "Barselona" PSJ-ni qəbul edəcək

16 Fevral, 16:58 Sosial mediada paylaşın:
UEFA çempionlar liqasında 1\8 finalın ən diqqətçəkən oyunlarından biri İspaniyada keçiriləcək.
“Kamp Nou”da “Barselona” və “Pari Sen Jermen” komandaları üz-üzə gələcək. Bu kollektivlərin 4 il əvvəl keçirilmiş görüşləri tarixə düşüb desək, yanılmarıq. O vaxt “Barselona” 1/8 finalın ilk görüşündə Fransada rəqibinə 0:4 hesabilə uduzsa da, təkrar matçda 6:1 hesabilə qələbə qazanaraq inanılmazı gerçəkləşdirərək növbəti mərhələyə adlamışdı. Hazırda “Pari Sen Jermen”də çıxış edən Neymar isə “Barsa” oyunçusu kimi dublun müəllifi olmuşdu. Braziliyalı ulduz zədələndiyinə görə sabiq komandasına qarşı mübarizə apara bilməyəcək. Bundan başqa Anxel Di Mariya da eyni səbəbdən oynamayacaq.“Barselona”nın baş məşqçisi Ronald Kuman mətbuat konfransında maraqlı mövzuya münasibət bildirib: “Neymar, Messi, Kriştianu Ronaldu kimi futbolçuları qorumalıyıq. Xüsusilə də hakimlər belə oyunçulara qarşı hər adi epizodda kobudluq edilməsinə imkan verməməlidir. Amma nə edə bilərik? Futbolda təmas qaçılmazdır. Ona görə də texnikası ilə seçilən oyunçular rəqibi  aldatmazdan əvvəl xeyli düşünmək məcburiyyətində qalırlar. Oyuna gəlincə, hazırda yaxşı vəziyyətdə olduğumuzu düşünürəm. Bizi əla görüşlər gözləyir. Ümid edirəm ki, gərgin mübarizənin yekununda biz sevinəcəyik”.
Pari Sen-Jermenə rəhbərlik edən Maurisio Poçettino paytaxt klubunun baş məşqçisi kimi Çempionlar Liqasında ilk qarşılaşmaya çıxacaq. O, daha çox komandasının oyuna yanaşması barədə məlumat verərək, rəqibi tərifləyib: “Barselona” kimi komandayla matçda aydın strukturlu planımız olmalıdır. Əks halda nəticə qazana bilməyəcəyik. Rəqib ən xoş sözlərə layiqdir. “Barsa” meydana çıxırsa, yalnız qələbə haqda düşünür. “Pari Sen Jermen” də vəziyyətdən asılı olmayaraq yüksək səviyyədə çıxış edə bildiyini sübuta yetirməlidir. Çətin olacaq, lakin mümkünsüz deyil. 1/4 finala yüksəlmək üçün hər 2 oyunda əlimizdən gələni əsirgəməyəcəyik.
Sonda qeyd edək ki, “Barselona” - “Pari Sen-Jermen” görüşü Bakı vaxtilə gecə yarısı başlanacaq.

CANLI YAYIM