"All Star" həftəsi Atlantada keçiriləcək

7 Fevral, 11:15 Sosial mediada paylaşın:
Koronavirus pandemiyasına görə bu mövsüm Milli Basketbol Assosaasiyasında “All Star” həftəsi keçirilməyəcəyi gözlənilirdi. Hətta liqa rəhbərliyi İndianapolisdə şou proqramını ləğv etmişdi. Amma deyəsən, vəziyyət dəyişmək üzrədir.
Milli Basketbol Assosasiyası ilə Oyunçuların Həmkarlar İttifaqı yaxın günlərdə “All Star” həftəsinin keçiriləcəyi məkanı açıqlayacaq. Amerika mətbuatının məlumatına görə, liqanın ən güclü basketbolçuları Corciya ştatının Atlanta şəhərində şou proqramına qatılacaq. Buna baxmayaraq, MBA-da çıxış edən bütün basketbolçular bu ideyanın tərəfdarı deyil. Bəzi oyunçular koronavirusun Amerikada sürətlə yayılmasına görə “Ulduzlar matçı”nın keçirilməsinin əleyhinədir. Hətta bu yaxınlarda Lebron Ceyms, Yannis Adetokumbo, Kemba Uoker və digər məşhur oyunçular mətbuata açıqlamasında bu ideyaya qarşı çıxmışdı. Amma “All Star” həftəsinin keçirilməsinin tərəfdarları da var. Bu mənada “Finiks Sanz”ın lideri Kris Pol daha çox fəallıq göstərir. Amerika millisinin müdafiəçisi “All Star” həftəsini xeyriyyə məqsədilə keçirilməsini istəyir. Onun sözlərinə görə, şoudan əldə edilən gəlirləri ehtiyac içində yaşayan qaradərili ailələrin uşaqlarının təhsilinə yönəltmək olar. Amerika mətbuatının məlumatına görə, “All Star” həftəsinin keçiriləcəyi haqda qərar qəbul edilsə, bu könüllü şəkildə olacaq. Yəni təhlükəsizliyindən ehtiyatlanan basketbolçular şou proqrama qatılmaya bilər. Xatırladaq ki, ötən mövsüm də Orlandoda qapalı şəriatdə keçirilən müntəzəm çempionat, pley-inn və pley-off oyunlarına basketbolçulsar könüllülük prinsipi ilə qatılmışdı.

CANLI YAYIM