Azərbaycanlı məşqçi Misir Gimnastika Federasiyası ilə müqavilə imzalayıb

6 Fevral, 11:50 Sosial mediada paylaşın:
Son illər ərzində Azərbaycanda bədii gimnastika sürətlə inkişaf edir. Yerli məşqçilərin yetişdirilməsi bu inkişafın göstəricisidir. Əgər 2002-ci ildə yenidən qurulan Azərbaycan Gimnastika Federasiyası (AGF) inkişafın ilk mərhələsində xarici məşqçilərlə əməkdaşlıq edirdisə, bu gün ölkəmizdə yetişmiş yerli məşqçilərin təcrübəsindən xaricdə bəhrələnirlər.
Belə ki, 2014-cü ildə istifadəyə verilmiş Milli Gimnastika Arenasına dünyanın bir çox ölkələrindən xarici komandalar təlim-məşq toplanışlarına gəlir, məşqçilərimiz xarici ölkələrdə çalışmaq üçün müxtəlif dəvətlər alırlar. Belə ölkələrdən biri də Misirdir.
Azərbaycan Gimnastika Federasiyası ilə Misir Gimnastika Federasiyası arasında dost münasibətləri və sıx əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq nəticəsində bədii gimnastika üzrə yığma komandamızın məşqçisi Jalə Qaratova Misir Gimnastika Federasiyası ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, J.Qaratova Misirin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını “Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlaşdıracaq.
J.Qaratova 2009-2013-cü illərdə bədii gimnastika üzrə yığma komandanın üzvü olub. İdmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışıb. Onun yetirmələri Avropa çempionatının mükafatçıları olub və dünya çempionatının finalına vəsiqə qazanıblar.

CANLI YAYIM