"Mersedes" Hemiltona 3 illik müqavilə təklif etməyəcək

30 Yanvar, 11:55 Sosial mediada paylaşın:
Formula 1 ictimaiyyətin diqqətdə saxladığı mövzulardan biri Lüis Hemiltonun “Mersedes”lə yeni müqavilə məsələsidir. Tərəflərin fikir ayrılığı səbəbindən hələ ki, yeni anlaşma imzalanmayıb. Amma “Mersedes”in icraçı direktoru Toto Volff bunu problemə çevirmək fikrində deyil.
Xarici mətbuat Lüis Hemiltonun “Mersedes”lə yaxın günlərdə müqaviləsini yeniləyəcəyini yazsa da, bu proses hələ də yubanır. Əslində tərəflərin razılığa gələcəyi heç kimə sirr deyil. Amma burada kimin güzəştə gedəcəyi maraq doğurur. Görünən odur ki, “Mersedes” indiki zamanda diqtə edən tərəfə çevrilib. Bunu mətbuata açıqlama verən komandanın icraçı direktoru Toto Volffun sözlərindən də başa düşmək olar. Komandanın funksioneri 7 qat dünya çempionu ilə 3 illik müqavilə imzalamayacaqlarını söyləyib. Amma Volff danışıqların yaxın günlərdə yekunlaşacağını və Hemiltonla anlaşacaqlarını da bildirib. “Mersedes”in rəhbəri Hemiltonun tələblərini yerinə yetirmədiklərini başqa amillərlə də əlaqələndirib. Onun sözlərinə görə, yeni texniki reqlament də proseslərə təsir edib. Yeni qaydalardan sonra “Mersedes”in necə çıxış edəcəyi bəlli olmadığından uzun müddət Hemiltonu komandada saxlamaq problemə çevrilə bilər. O, həmçinin məvacib limitini də nəzərə almalı olduqlarını söyləyib. Bununla yanaşı, Volff Hemiltona təzyiq kimi ehtiyatda saxladıqları Corc Rasselldən istifadə etmək istəmədiklərini də bildirib.

CANLI YAYIM