Azərbaycan premyer liqasında qış fasiləsinə yekun vuruldu

22 Yanvar, 11:38 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan premyer liqasında qış fasiləsi yekunlaşıb.
“Neftçi” 14-cü turda  səfərdə “Səbail”lə qarşılaşıb. 44 günlük vətən müharibəsində iştirak etmiş baş hakim Kamal Umudlu oyundan əvvəl “zəfər dəhliz”indən keçərək meydana daxil olub. 26-cı dəqiqədə “Səbail”in hücumçusu Florian Kadriuya qarşı kobudluğa görə “Neftçi”nin qapısına penalti təyin edilib. Əfran İsmayılovun ilk zərbəsindən sonra qapıçı Aqil Məmmədov topu dəf etsə də, daha sonra qolkiperin qaydanı pozduğu aşkarlanıb. Təkrar zərbə isə dəqiq alınıb. Lakin “Səbail” futbolçuları üstünlüklərini qoruya bilməyiblər. Hissənin sonuna yaxın Sabir Buqrin gözəl qolun müəllifi olaraq tarazlığı bərpa edib. Fasilədən sonra “Neftçi” irəli çıxıb. Emin Mahmudov cərimə zərbəsini ideal yerinə yetirib. Vaxtın tamamında Buqrin gözəl kombinasiyanı qolla tamamlayaraq dubl müəllifi olub. Beləliklə “Neftçi” “Səbail”i 3:1 hesabilə məğlub edərək ardıcıl 3-cü qələbəsini qazanıb. Bununla Samir Abbasovun komandası lider mövqeyini qoruyub.
Liderin ən yaxın izləyicisi “Qarabağ” isə autsayder “Sabah”ın qonağı olub. 7-ci dəqiqədə Rahil Məmmədov “köhlən atlar”a üstünlük qazandırıb. 1 saatın tamamında meydan sahibləri Kevin Kubembanın vurduğu qol sayəsində tarazlığı bərpa ediblər. “Sabah”ın sevinci çox çəkməyib. 72-ci dəqiqədə Mahir Emreli Ağdam futbolçularını yenidən irəli keçirib. O fərqlənəndən sonra “İmarət Tayfa”nın üzvü, şəhid Məhəmmədəli İbrahimlinin fotosu olan futbolkanı nümayiş etdirib. Qalan vaxtda başqa qol olmayıb. Beləliklə “Qarabağ” “Sabah”a 2:1 hesabilə qalib gəlib.
“Zirə” isə “Qəbələ”dən üstün olub. Fasilə ərəfəsində “Zirə”nin yeni transferi Musa Qurbanlı hesabı açıb. Matçın sonlarında isə daha bir qol vurulub. Davit Volkov mübarizəyə nöqtə qoyub. Qeyd edək ki, “Neftçi” 27 xalla liderdir. 1 xal az toplayan “Qarabağ” 2-cidir. “Zirə” isə 23 xalla ilk 3-lüyü tamamlayır.

CANLI YAYIM