"Mersedes" Hemiltonla razılığa gələ bilmir

18 Yanvar, 12:00 Sosial mediada paylaşın:
“Mersedes”lə Lüis Hemilton hələ də yeni müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilmir. 7 qat dünya çempionunun yeni sözləşməyə əsasən yüksək məvacib tələb etməsi tərəflər arasında fikir ayrılığına səbəb olub. Bu da Formula 1 ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib.Lüis Hemilton “Mersedes”lə yeni müqavilənin şərtləri ilə bağlı razlığa gələ bilmir. 7 qat dünya çempionun tələbi Almaniya komandasını qane etmir. Britaniyalı pilotun yaş amilini nəzərə alan “Daymler” şirkəti yüksək məvacib müqabilində uzunmüddətli müqavilənin imzalanmasına razılıq vermir. Nəzərə alaq ki, yaxın gələcəkdə yeni reqlament qüvvəyə minəcək. Belə olan halda, Hemiltonun hansı nəticə göstərəcəyi müəmma olaraq qalır. İş o yerə çatıb ki, “Mersedes” rəhbərliyi Hemiltonla anlaşa bilməyəcəklərini də istisna etməyib. Vaxtı ilə “Formula 1”-də çıxış edən “Cordan” komandasının rəhbəri Eddi Cordan da bu məsələdə “Mersedes”i dəstəkləyir: “Göründüyü kimi, hələ tərəflər razılığa gələ bilmir. Bu yaxınlarda eşitdim ki, Hemilton “Mersedes”in yeni müqavilə şərtlərini bəyənməyərək komandasından daha yüksək məvacib tələb edir. Mən “Daymler” rəhbərliyinin yerində olsaydım, Lüisə qapını göstərərdim: ya bizim şərtləri qəbul et, ya da çıx get! İndiyə qədər də Berni Ekklstounun sözləri qulağımda səslənir. Ayrton Senna həlak olduqdan sonra hamımız şok vəziyyətində idik. Bundan əsəbləşən Berni “yetər ağladınız, əvəzedilməz insan yoxdur” dedi. Bu sözü Hemiltona demək lazımdır”. Xatırladaq ki, 2008-ci ildə “Maklaren”lə çempionatın qalibi olan Hemilton 2013-cü ildə “Mersdes”ə keçdikdən sonra bu komanda ilə daha 6 dəfə çempionluq sevinci yaşayıb.

CANLI YAYIM