"Australian Open" ərəfəsində koronavirus tennisçilərin planlarına təsir edib

16 Yanvar, 11:54 Sosial mediada paylaşın:
Fevralın 8-də start götürəcək Avstraliya Açıq tennis turnirinə hazırlıq gedir. Artıq “yaşıl qitə”yə gələn tennisçilər karantinə alınır. Buna baxmayaraq, bəzi raketka ustaları koronavirusla bağlı müəyyən problemlərlə üzləşib.
“Australian Open”də iştirak etməyə hazırlaşan tennisçilər Melburna gəlib. Amma bəzi tennisçilər koronavirusla bağlı problemlərə görə planlarını təxirə salmalı olub. Britaniyalı tennisçi Endi Marreydən sonra amerikalı Medison Kiz də koronavirusa yoluxub. Marreyin bu turnirdə çıxışı sual altındadırsa, Kiz yarışa qatılmaqdan imtina edib.  O, Avstraliyaya yollanmaq ərəfəsində testinin müsbət nəticələnməsinə görə riskə getmək istəmədiyini bildirib.  Maraqlıdır ki, onun həmyerlisi Tennis Sandqren belə vəziyyətdə fərqli addım atıb. Uçuş ərəfəsində koronavirusa yoluxduğu məlum olan Sandqren ruhdan düşməyib. O, turnirə qədər vəziyyətin qaydaya düşəcəyi ümidi ilə Avstraliyaya yollanmaq qərarına gəlib. Məsələ ondadır ki, Sandqren noyabr ayında  koronavirusa yoluxmuşdu. Mətbuata açıqlama verən amerikalı raketka ustası həmin müddətdən sonra sağaldığını bildirib. Onun fikrincə, bu testin nəticəsi həmin xəstəliyinin təsirinin nəticəsidir.
Bəzi tennisçilər isə məşqçilərlə bağlı problemlə üzləşib. ATP reytinqində 3-cü pilləni tutan Dominik Tim məşqçisinin koronavirusa yoluxduğuna görə Avstraliyaya tək yola düşüb. Elə Rafael Nadal da Karlos Moyanı özü ilə birgə Melburna aparmayıb. Nadalın məşqçisi koronavirusa yoluxmasa da, onlar indiki məqamda bu səfər ehtiyac olmadığı qənaətinə gəliblər.

CANLI YAYIM