Formula 1-də yeni mövsümün təqvimi təsdiqlənib

12 Yanvar, 12:43 Sosial mediada paylaşın:
Formula 1 həvəskarları yeni mövsümün startını səbirsizliklə gözləyir. Koronavirus bu mövsüm də yarışların təşkili ilə bağlı problemlərə yol açsa da, Formula 1 rəhbərliyi çətin işin öhdəsindən gəlməyi bacarır.
Formula 1-də yeni mövsümün təqvimi təsdiqlənib. Gözlənildiyi kimi Avstraliya və Çin Qran-priləri koronavirus pandemiyasına görə təxirə salınıb. Şanxayda keçiriləcək yarışın nə vaxt baş tutacağı məlum deyil. Martda təşkili planlaşdırılan Melburn Qran-prisi isə noyabrın 19-21-də keçiriləcək. Bir vaxtlar Formula 1 yarışlarının bəzəyi olan İmola Qran-prisi də bu mövsüm təqvimə daxil ediləcək. San-Marinodakı yarış aprelin 18-də təşkil ediləcək. Təqvimdə Braziliya, Səudiyyə Ərəbistanı və Əbu Dabidəki yarışların vaxtında da dəyişiklik edilib. Həmin yarışlar planlaşdırılan vaxtdan bir həftə tez baş tutacaq.  Bununla yanışı, mayın 2-də keçirilməli olan Vyetnam Qran-prisinin də taleyi sual altındadır. Onun ləğv ediləcəyi halda, təqvimə Portuqaliya Qran-prisi əlavə ediləcək.  Martın 28-i Bəhreyndə start götürəcək mövsümdə Azərbaycan Qran-prisi planlaşdırıldığı kimi iyunun 6-da keçiriləcək. Mövsüm dekabrın 12-də Əbu-Dabidəki yarışla yekunlaşacaq.

CANLI YAYIM