"Aston Martin"inin sahibi Fettelə böyük ümid bəsləyir

10 Yanvar, 11:44 Sosial mediada paylaşın:
Yeni mövsüm öncəsi Formula 1 ictimaiyyətini düşündürən suallardan biri də Sebastyan Fettelin yeni komandasında necə çıxış edəcəyidir. “Ferrari”dən ayrılan almaniyalı pilotun “Aston Martin”də necə təsir bağışlayacağı maraq doğurur. Bəs görəsən, yeni komandasında 4 qat dünya çempionundan nə gözləyirlər?
“Aston Martin”in sahibi Lorens Stroll komandanın yeni pilotu Sebastyan Fettel haqda danışıb. Almaniyalı pilotun perspektivlərindən söz salan kanadalı biznesmen ona ümid bəslədiyini söyləyib: “Sebastyan ötən il çox çətin mövsümü geridə qoydu. İlin əvvəlində komandadan gedəcəyini bilən istənilən pilot çətinlik çəkərdi. Bu psixiloji cəhətdən adama çox pis təsir edir. “Ferrari”nin bolidi Fettelin tələblərinə cavab vermirdi. Sebastyan “Red Bull”dakı son mövsümündə də belə çətinliklə üzləşmişdi. Amma istənilən halda biz 4 qat dünya çempionundan danışırıq. Bir ilə Fettel bolidi necə idarə etmək lazım olduğunu unutmayıb. Artıq həmin çempion bizim komandadır. Fettel “Aston Martin”i lazım olan yerə daşıyacaq. Sebastyana görə narahat deyiləm. O, bizim komandamızda möhtəşəm çıxışı ilə yadda qalacaq”.Xatırladaq ki, “Red Bull”un heyətində 4 dəfə dünya çempionu olan Sebastyan Fettel “Ferrari”də çıxış etdiyi 5 il ərzində titul qazana bilməmişdi. İtaliya komandası onunla müqaviləni yeniləməyincə pilot “Aston Martin”ə üz tutdu. Sebastyan burada komandanın sahibi Lorens Strollun oğlu Lens Strolla birgə mübarizə aparacaq.

CANLI YAYIM