Lebron Ceyms basketbol klubunun sahibi olmaq istəyir

9 Yanvar, 11:54 Sosial mediada paylaşın:
Hər nə qədər idman mübarizə amilinə görə ictimaiyyət tərəfindən sevilsə də, onun maliyyə tərəfi də əsas müzakirə mövzularından biridir. İdmançılar karyera ilə yanaşı pulu fikirləşirsə, yarış təşkilatçıları da müəyyən vasitələrlə gəlir əldə edir. İndi sizə təqdim edəcəyimiz süjet də məhz bu mövzuları əhatə edir.
Lebron Ceyms qadınlardan ibarət MBA komandası olan “Atlanta Drim”in səhmlərinə sahib çıxa bilər.  Corciya ştatının senatoru Kelli Lofflerin sahibi olduğu kluba yiyələnmək üçün “Los Anceles Leykers”in ulduzu amerikalı biznesmen Rafael Uornokla rəqabət aparacaq. Xatırladaq ki, sabiq basketbolçular arasında Maykl Cordan da MBA-da mübarizə aparan “Şarlott Hornets” klubunun sahibidir. Lebron Ceyms isə İngiltərənin “Liverpul” klubunun səhmlərinin bir hissəsinə sahibdir.
Lebronun “Atlanta Drim”ə sahib çıxmaq üçün nə qədər xərc çəkmək istədiyi haqda məlumat olmasa da, Həbib Nurməhəmmədovun 100 milyon dollardan imtina etdiyi müəyyənləşib. Karyerasını başa vuran dağıstanlı qaydasız döyüş ustasının boksçu Floyd Meyvezerlə rinqdə  qarşılaşması üçün 100 milyon dollar təklif olunub. Amma Nurməhəmmədovun meneceri Həbibin bu təklifdən imtina etdiyini söyləyib. O, amerikalı boksçu ilə rinqdə yox, oktaqonda qarşılaşmağa razı olacaqlarını bildirib. Bu isə Meyvezerə sərf etməyib.
Elə Avstraliya Açıq tennis turnirində iştirak edəcək tennisçilərə də Melburnda karantin qaydalarını pozmaq sərf etməyəcək.  Yayılan məlumatlara görə, turnirdən öncə 14 gün karantində qalacaq raketka ustaları məskunlaşacaqları ərazini tərk edəcəyi halda 20 min Avstraliya dolları məbləğində cərimələnə bilər. Onların hətta yarışdan diskvalifikasiya olunma ehtimalı da müzakirə olunur.

CANLI YAYIM