Fyuri Coşuanı 2 raund ərzində nokaut edəcəyini düşünür

7 Yanvar, 12:43 Sosial mediada paylaşın:
Boks həvəskarları səbirsizliklə Entoni Coşuayla Tayson Fyuri arasındakı döyüşü gözləyir. Bu il iki dəfə qarşılaşmaq bağlı razılığa gələn dünya çempionları növbəti dəfə mətbuata maraqlı açıqlamalar verib...
Bu il Entoni Coşuaya qarşı döyüşməyə hazırlaşan Tayson Fyuri iddialı açıqlamaları ilə yadda qalıb.  Britaniyalı boksçu həmyerlisi ilə döyüşün onun üçün çətin keçməyəcəyini söyləyib: “İnsanlar Coşua haqda yanlış təsəvvürdədir. O, hamının hesab etdiyi qədər də güclü boksçu deyil. Entonin özünəinam hissi ilə bağlı problemləri var. O, son iki döyüşündə inamlı təsir bağışlamayıb. Coşua hazırda formada olan boksçu deyil. Mən isə tam hazlıram. İndi hamı mənim tərəfimdədir. Bu döyüşdən qalib ayrılacağıma əminəm. Özü də görüş erkən başa çatacaq. Bəlkə də, Entoninin işini bir-iki raunda bitirəcəyəm. Bu görüş mütləq baş tutmalıdır”.
Coşua Fyurinin atmacasını cavabsız qoymayıb. Amma  WBA, IBF, WBO və IBO versiyası üzrə dünya çempionu həmyerlisi ilə görüşmək üçün bir problemi həll etməli olduğunu söyləyib: “Fyuri ilə döyüşmək mənim əsas hədəfimdir. Amma bunu reallaşdırmaq üçün Aleksandr Usiklə razılığa gəlmək lazımdır. Fikrimcə, ukraynalı boksçu bir kənara çəkilib mənə Fyuri ilə döyüşməyə imkan verəcək. Biz artıq onun meneceri ilə danışıqlara başlamışıq. Aleksandr ağıllı adamdır və ümid edirəm ki, vəziyyətin nədən ibarət olduğunu anlayır”. Xatırladaq ki, Aleksandr Usik WBO versiyası üzrə superağır çəki dərəcəsi üçün nəzərdə tutulan çempionluq kəmərini qazanmağa iddialıdır. Bunun üçün isə o kəmərin sahibi Entoni Coşua ilə döyüşməlidir. Coşua isə bu il Tayson Fyuri ilə iki dəfə görüşməklə bağlı razılığa gəlib.

CANLI YAYIM