Pirlo: "Milan"a qarşı oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edir"

6 Yanvar, 16:32 Sosial mediada paylaşın:
İtaliya A seriyasında inamlı oyun sayəsində uğurlu nəticələr qazanan “Milan” hazırda çempionatın məğlubiyyətsiz lideridir. “Rossoneri”ni son 9 mövsümün qalibi “Yuventus”la qarşılaşma gözləyir. Ehtiyatda 1 oyunu olan Turin futbolçuları liderdən 10 xal geri qalırlar. Onlar hazırda 27 xalla 5-cidilər. “Qoca sinyora”nın heyətində Alvaro Morata zədəyə görə meydana çıxa bilməyəcək. Komandada koronavirus testi pozitiv nəticə verən futbolçular da var. Aleks Sandro və Xuan Kuadrado məhz bu səbəbdən “Milan”la matçı buraxacaq. “Yuventus”a rəhbərlik edən Andrea Pirlo vaxtilə futbolçu kimi böyük uğurlar qazandığı komandaya qarşı oyuna çıxacağı üçün məmnunluğunu ifadə edib. Lakin o, çempionluğun taleyinin məhz bu matçda həll olunacağını deyənlərlə razı deyil: Əlbəttə, mənim üçün xüsusi görüşdür. Vaxtilə “Milan”ın şərəfini qorumuş, nailiyyətlər qazanmışam. Eyni zamanda bu rəqibə qarşı futbolçu kimi də meydana çıxmışam. İndi isə baş məşqçi kimi texniki zonada olacağam. Bu, həm qəribə, həm də gözəl hissdir. Liderlə üz-üzə gəlsək də, nəticənin titulun sahibini müəyyənləşdirəcəyini düşünmürəm. “Milan”ı məğlub etmək üçün fiziki və psixoloji hazırlığımızın yüksək səviyyədə olduğunu göstərməliyik. İnanıram ki, bütün üstün keyfiyyətlərimizi nümayiş etdirə bilsək, qələbə qazanacağıq".
“Milan”da isə Zlatan İbrahimoviç keçmiş komandasına qarşı oynaya bilməyəcək. Baş məşqçi Stefano Pioli bunun komandanın çıxışına təsir etməyəcəyini deyərək, “Yuventus”un yeniləndiyini vurğulayıb: Dəyişikliklər zamanı müəyyən büdrəmələrin olması normaldır. “Yuventus” Andrea Pirlo ilə doğru yoldadır. Sadəcə səbrli olmaq lazımdır. Hamı bilir ki, Zlatan İbrahimoviç bizim üçün çox vacib futbolçudur. Onun yoxluğu müəyyən çətinliklər yaratsa da, biz komanda kimi də öz gücümüzü  sübut etmişik. İndidən titul barədə danışmaq çox tezdir. Uzun marafonda təmkinli olmaq lazımdır. Sprint etsən, tez yorulub əldən düşə və digərlərindən geri qala bilərsən. Ona görə də  hər oyuna ayrı-ayrılıqda böyük həssaslıqla yanaşıb əsas məqsədə çatmağa çalışırıq. “Yuventus” kimi yüksək səviyyəli komandayla matç da istisna deyil. Uğurlu nəticəyə ümid edirik”. Qeyd edək ki, “Milan” – “Yuventus” oyunu Bakı vaxtilə saat 23:45-də başlanacaq.

CANLI YAYIM