"Barselona" basketbolçusunu yarı yolda buraxdı

24 Dekabr, 16:42 Sosial mediada paylaşın:
Avropa basketbolunda qalmaqallar səngimir. Ötən mövsüm Avroliqanın yarımçıq dayandırılması, hazırda klubların koronavirusla bağlı reqlamentdən narazılığından sonra “Barselona” klubu hamını şoka salıb. Yeni qalmaqalın təfərrüatı ilə növbəti süjetimizdə tanış ola bilərsiniz...
Son günlər Avropa mətbuatı “Barselona” ilə “Fənərbağça”nın oyunçu dəyişikliyi həyata keçirəcəyi ilə bağlı məlumatlar yayırdı. İspaniya təmsilçisi “Fənərbağça”nın fransalı basketbolçusu Leo Vestermannı transfer etmək üçün qarşı tərəfdə oyun qurucusu Tomas Erteli təklif etmişdi. Klublar artıq bu iki fransız basketbolçuların treydi ilə bağlı razılığa da gəlmişdi. Amma bu keçidlər həyata keçməyib. Buna Ertelin öz klubunun planlarını korlaması səbəb olub. Fransalı basketbolçu buna qədər “Real”la danışıqlar apardığından “Fənərbağça”ya keçməkdən imtina edib. “Barselona” rəhbərliyinə isə Ertelin İstanbul klubuna keçmək istəməsi yox, Tomasın “Real”la danışıqlar aparması pis təsir edib. Oyunçusunun əzəli rəqiblə gizlin danışıqlar aparmasından qəzəblənən katalonlar fransalı basketbolçusunu cəzalandırmaq qərarına gəlib. Belə ki, İstanbulda “Anadolu Efes”lə oyundan sonra “Barselona” rəhbərliyi Erteli təyyarəyə minməyə qoymayıb. Nəticədə “Barselona” geri qayıdıb, qəzəbə tuş gələn basketbolçu İstanbulda qalıb. İspaniya mətbuatının yazdığına görə, Ertelin “Barselona” ilə müqaviləsi də ləğv edilib. Klub sözləşməyə birtərəfli qaydada xitam verdiyinə görə, fransalı basketbolçuya 1 milyon avro təzminat ödəyəcək.
 

CANLI YAYIM