"Milan" "Lill"in "borcunu qaytarmağa" çalışacaq

26 Noyabr, 16:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasının 4-cü turunda “H” qrupunun favoritləri “Lill” və “Milan” komandaları üz-üzə gələcək.
Əvvəlki oyunda Fransa kollektivi türk futbolçu Yusuf Yazıcının het-triki sayəsində qalib qəlmişdi. Yeri gəlmişkən hazırda əla formada olan Yazıcı Fransa çempionatının 11-ci turunda “Loryan”la oyunda da 2 qol və 1 məhsuldar ötürmə ilə qarşılaşmanın qəhrəmanı olmuşdu. Mütəxəssislər yarımmüdafiəçini komandanın əsas üzvlərindən hesab edir və “Milan”la oyunda yenə də faydalı olacağını düşünür. Bu amili mətbuat konfransında baş məşqçi Kristof Qaltye də təsdiqləyib. O, türk futbolçuların çıxışından məmnun olduğunu xüsusilə vurğulayıb: “Heyətdən tam razıyam. Həm ölkə çempionatı, həm də avrokubok oyunlarında bütün tapşırıqları lazımınca yerinə yetirirlər. Futbolçuların əksəriyyətinin böyük təcrübəsi var. Komandanın heyətində türkiyəli futbolçular əminəm ki, hər kəsin diqqət mərkəzindədir. Yusuf Yazıcı və Burak Yılmaz məhsuldarlığı ilə məni sevindirir. “Milan”ı yenə məğlub edəcəyimizə inanıram.”
“Rossoneri”nin baş məşqçisi Stefano Piolinin koronavirusa yoluxduğunu xəbər vermişdik. Onu köməkçisi Daniele Bonera əvəzləyir. İtaliyalı mütəxəssis mətbuat konfransında Piolinin yoxluğunun ciddi problem yaratmayacağını deyib: “Hər oyun vacibdir. İndiki vəziyyətdə qalib gəlsək belə qətiyyən arxayınlaşmaq olmaz. Baş məşqçinin olmamasının futbolçulara təsiri var. Lakin məşqçilər heyəti olaraq bu amili aradaq qaldırmağa və onları ən yaxşı səviyyədə hazırlamağa çalışırıq.”
Qeyd edək ki, “Lill” – “Milan” qarşılaşması bu gün saat 21:55-də başlanacaq. Oyunu Kreiq Pousonun rəhbərliyilə ingilis hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM