"Liverpul" "Enfild Roud"da gözlənilmədən məğlub olub

26 Noyabr, 14:43 Sosial mediada paylaşın:
C qrupunda isə “Mançester Siti” ardıcıl 4-cü qələbəsini qazanıb. “Şəhərlilər” çətin səfər sayılan Yunanıstanda “Olimpiakos”a minimal hesabla qalib gəliblər. Qrupun ilk oyununda uduzan “Portu” da uğurlu çıxışı ilə seçilir. Günün əsas sensasiyası “Liverpul” – “Atalanta” matçında qeydə alınıb. Tarixində 2-ci dəfə UEFA Çempionlar Liqasında çıxış edən İtaliya klubu “Enfild”də adlı-sanlı rəqibini məğlubiyyətə uğradıb.
UEFA Çempionlar Liqasının C qrupunda “Mançester Siti”nin uğurlu seriyası davam edir. Pep Qvardiolanın komandası səfərdə “Olimpiakos”a minimal hesabla qalib gələrək ardıcıl 4-cü qələbəsini qazanıb. 36-cı dəqiqədə Fil Fodenin vurduğu qol görüşün taleyini həll edib.
Eyni qrupda çıxış edən “Portu” isə ardıcıl 3-cü görüşü qələbəylə başa vurub. Marsel “Olimpik”inin qonağı olan Portuqaliya klubu 39-cu dəqiqədə üstünlük qazanıb. Nigeriyalı müdafiəçi Zaydu Sanusi fransalıların qapısına yol tapıb. Fasilədən sonra hər 2 komanda azlıqda qalıb. 67-ci dəqiqədə “Portu”nun heyətində Marko Qruyiç, 3 dəqiqə sonra isə meydan sahiblərindən Leonardo Balerdi qırmızı vərəqəylə cəzalanıb. Balerdinin kobudluğu komandasına daha baha başa gəlib. Çünki “Olimpik”in qapısına penalti təyin olunub. Serjiu Oliveyra isə fürsəti qaçırmayıb. Qalan vaxtda başqa qol olmayıb - “Olimpik” – “Portu” 0:2. “Mançester Siti” 12 xalla C qrupunda zirvədədir. “Portu” 9 xalla 2-ci, “Olimpiakos” 3 xalla 3-cüdür. Hələ ki, xal qazana bilməyən Marsel “Olimpik”i sonuncu sıradadır.
Ən böyük sensasiya isə D qrupunda baş verib. İlk 3 oyunda qələbə qazanan “Liverpul” öz meydanında ötən mövsümün sürpriz komandası “Atalanta”ya uduzub. Qollar 2-ci hissədə vurulub. 1 saatın tamamında Yosip İliçiç mersisayd klubunu məyus edib. 4 dəqiqə sonra Robin Qosens 2-ci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Eyni qrupda keçirilən “Ayaks” – “Mityulland” oyunu daha məhsuldar alınıb. Maraqlıdır ki, bu görüşdə də əsas hadisələr fasilədən sonra baş verib. “Ayaks” 2-ci hissədə fəallaşaraq rəqibin qapısından 3 top keçirib. Rayan Qravenberx 47, Nussair Mazraui 49-cu dəqiqə fərqlənib. 66-cı dəqiqədə isə David Neres diqqət  mərkəzinə düşüb. Qonaqlar qollardan yalnız 1-nin əvəzini çıxa biliblər. Vaxtın yekunlaşmasına 10 dəqiqə qalmış Aver Mabil penaltini dəqiq yerinə yetirərək mübarizəyə nöqtə qoyub. “Ayaks” – “Mityulland” 3:1. “Liverpul” məğlub olsa da, 9 xalla D qrupunun lideridir. “Ayaks” və “Atalanta” 7 xalla 2-ci, 3-cü yerlərdə gedirlər. 4 oyunun hamısında uduzan “Miyulland” qrup sonuncusudur. 

CANLI YAYIM