Azərbaycan millisindən ardıcıl 4-cü heç-heçə

18 Noyabr, 09:59 Sosial mediada paylaşın:
Azərbaycan futbolçuları UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümündə çıxışlarını başa vurublar. Komandamız qrup mərhələsinin sonuncu turunda səfərdə Lüksemburq yığması ilə üz-üzə gəlib. Seçməmiz son oyunlardakı ənənəsini davam etdirərək heç-heçə oynayıb. Matçın əsas qəhrəmanı isə qapıçımız Şahruddin Məhəmmədəliyev olub.
Son 3 matçını qolsuz heç-heçəylə başa vuran Azərbaycan futbolçuları eyni nəticəni UEFA Millətlər liqasının son oyununda da təkrarlayıblar. Canni De Byazinin komandası qrup mərhələsinin 6-cı turunda Lüksemburq yığmasının qonağı olub. Xatırladaq ki, bu kollektivlər arasında Bakıda keçiriləm matçda Lüksemburq futbolçuları 2:1 hesabilə qələbə qazanmışdılar. Təkrar oyun isə məhsuldarlığı ilə fərqlənməyib. 11-ci dəqiqədə qapıçımız Şahruddin Məıhəmmədəliyev 2 qurtarışla diqqət mərkəzinə düşüb. 44-cü dəqiqədə isə qapı dirəyi komandamızı qoldan xilas edib. Az sonra Azərbaycan seçməsi daha ciddi uğursuluğa məruz qalıb. Bədavi Hüseynov zədələnəndən sonra onu əvəzləyən Şəhriyar Əliyev penaltiyə səbəb olub. Amma Danel Sinaninin zərbəsindən sonra qolkiperimiz Şahruddin Məhəmmədliyev topun qapıdan keçməsinə imkan verməyib. Fasilədən sonra da hesab dəyişməyib. Futbolçularımız nə qədər çalışsalar da, rəqibin qapısına yol tapa bilməyiblər. Beləliklə oyun 0:0 hesabilə yekunlaşıb. Bununla seçməmiz qrup yarışını 6 xalla 3-cü pillədə tamamlayıb.

CANLI YAYIM