Hemilton özünü "Cəngavər" ordeninə layiq görmür

17 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Türkiyə Qran-prisində qalib gələrək Formula 1-də 7-ci çempionluğu rəsmiləşdirən Lüis Hemilton hazırda dünya idman ictimaiyyətinin müzakirə etdiyi əsas qəhrəmanlardan biridir. Hər halda, “Mersedes” pilotunun çempionluq sayında əfsanəvi Mixael Şumaxerin rekordunu təkrarlaması böyük nailiyyətdir. Elə bunu nəzərə alan Britaniya höküməti Lüisi mükafatlandırmaq haqda fikirləşir.
Lüis Hemilton Böyük Britaniyanın nüfuzlu “Cəngavər”  ordeni ilə təltif edilə bilər.  Doğrudur,  hələ ki məsələ ilə bağlı konkret heç bir qərar qəbul edilməyib. Amma Britaniya mətbuatı müntəzəm olaraq bu variantı gündəmdə saxlayır.  Yeri gəlmişkən, “Mersedes” pilotu da məsələyə münasibətini bildirib: “Biz hər il bunu müzakirə edirik. Hər dəfə mənə eyni sualları verirlər. Mövqeyim dəyişməyib: bu günə qədər nə demişəmsə, yenə də onu təkrarlamağa məcburam.  Mənə elə gəlir ki, “Cəngavər” ordeni ilə müharibə veteranları və həkimlər təltif olunmalıdır. Tibb sahəsində çalışanlar insanların həyatını xilas edir.  Xüsusən də, koronavirusla mübarizədə onların əməyi danılmazdır. Mən ancaq bu qəhrəmanları fikirləşirəm. Onların fonunda mənə qəhrəman demək olmaz. Mən heç kimi xilas etməmişəm.  İndiki məqamda mən fəxri kürsüdə ölkəmin himnini oxumaqdan həzz alıram. Başqa nüanslar haqda fikirləşmirəm. Hələ mənim Formula 1-də görəcəyim işlər var”.
Xatırladaq ki, Hemilton ötən həftəsonu Türkiyə Qran-prisində finiş xəttini birinci keçərək 7-cü çempionluğunu qazanaraq əfsanəvi pilot Mixael Şumaxerin rekordunu təkrarlayıb. 

CANLI YAYIM