Millimiz Sloveniya seçməsi ilə heç-heçə etdi

12 Noyabr, 10:42 Sosial mediada paylaşın:
Azərbaycan futbolçularını UEFA Millətlər Liqasında Monteneqro və Lüksemburq seçmələrinə qarşı vacib oyunlar gözləyir. Bu qarşılaşmalar millimizin qrupdakı taleyini həll edəcək. Amma komandamız rəsmi görüşlərdən əvvəl 1 yoxlama matçında da meydana çıxıb.
Futbolçularımız baş məşqçi Canni de Byazinin rəhbərliyi ilə ilk yoxlama oyununda Sloveniya millisinin qonağı olublar. Lyublyanada təşkil olunan matçda ilk təhlükə vəziyyəti Azərbaycan seçməsi yaradıb. Ancaq 3-cü dəqiqədə Mahir Emrelinin ötürməsindən sonra İsmayıl İbrahimlinin zərbəsi dəqiq alınmayıb. İlk hissədə hesab açılmayıb. 55-ci dəqiqədə Mahir Emrelinin yerinə meydana daxil olan Musa Qurbanlı millidə debüt edib. Fasilədən sonra qapıçımız Emil Balayev də diqqət mərkəzinə düşüb. O, 65-ci dəqiqədə Nino Kouterin zərbəsini zərərsizləşdirib. Sloveniya futbolçuları 2-ci hissəyə əlavə olunan 2-ci dəqiqədə də fərqlənməyə yaxın olublar. Amma Andraj Şporar topu qapıya vura bilməyib. Epizodun davamında isə Mario Yurçeviçin zərbəsindən sonra Emil Balayev növbəti dəfə qurtarışla edib. Bu, oyunda az-çox yadda qalan son hadisə olub. Beləliklə Sloveniya – Azərbaycan qarşılaşması 0:0 hesabilə başa çatıb. Qeyd edək ki, seçməmiz noyabrın 14-ü, UEFA Millətlər Liqasının 5-ci turunda Monteneqro futbolçuları ilə görüşəcək. Oyun Xorvatiyanın Zapreşiç şəhərində təşkil olunacaq. Komandamız bu qarşılaşmadan 3 gün sonra səfərdə Lüksemburq yığması ilə üz-üzə gələrək qrup mərhələsinə yekun vuracaq.

CANLI YAYIM