Fettelin "Aston Martin"ə keçidində Ekklstoun böyük rol oynayıb

29 Oktyabr, 16:37 Sosial mediada paylaşın:
“Ferrari”də son mövsümünü keçirən Sebastyan Fettel növbəti ildən “Aston Martin”in bolidini idarə edəcək. Hazırda “Reysinq Point” adı altında mübarizə aparan bu komandaya Sebastyan Fettelin cəlb olunmasında Formula 1 ictimaiyyətinin bilmədiyi nüanslar da var.
Formula 1-in sabiq rəhbəri Berni Ekklstoun Sebastyan Fettelin “Aston Martin”ə keçidində böyük rol oynadığını etiraf edib. Mətbuata açıqlama verən 90 yaşlı funksioner “Reysinq Point”in sahibi Lorens Stroulu razı saldığını söyləyib: “Mən Sebastyan Fetteli komandasına götürməsi üçün Lourens Strolla təzyiq göstərdim.  Onun yaxşı pilot olduğunu və bu keçiddən “Aston Martin”in qazanacağını iddia etdim. Fikrimcə, gətirdiyim dəlillər onun ağlına batdı. Ümumiyyətlə, biz Sebastyanla müntəzəm olaraq zəngləşirik. Onun fikirlərini dinləyir və öz məsləhətlərimi verirəm. Hazırda heç kim Fettel haqda xoş fikirlər səsləndirmir. Unutmaq lazım deyil ki, Formula 1-də hər şey idarə etdiyin boliddən asılıdır. İndiki məqamda “Ferrari” Sebastyana uyğun komanda deyil”.
 Xatırladaq ki, mövsümün sonunda  Fettelin “Ferrari” ilə müqavilə müddəti başa çatacaq. Almaniyalı pilot bu komandada heç bir titul qazanmasa da, “Red Bull”la ardıcıl 4 mövsüm dünya çempionu olmağı bacarmışdı.  O, növbəti mövsüm “Aston Martin”də çıxış edəcək.

CANLI YAYIM