Hemilton qarşıdakı 3 ildə "Mersedes"də qalacağına əmin deyil

24 Oktyabr, 13:46 Sosial mediada paylaşın:
Karyerasının ən parlaq dövrlərini “Mersedes”də keçirən Lüis Hemiltonun nə vaxta qədər bu komandada qalacağı maraq doğurur. Britaniyalı pilot hazırda iş yerini dəyişməkdə maraqlı olmasa da, yeni müqavilənin şərtləri ilə də tam razılaşmır.
Formula 1 üzrə 6 qat dünya çempionu Lüis Hemilton “Mersedes”lə müqaviləsini daha 3 il müddətinə yeniləyəcəyinə şübhə edir. Mətbata açıqlama verən britaniyalı pilot 2022-ci ildə reqlament dəyişikliyindən sonra proseslərlə tanış olmaq istədiyini söyləyib: “Hələ qərar qəbul etməmişik. Doğrusu, “Mersedes”də qalmaq istəyirəm. Təbii ki, indiki məqamda danışıqlar masası arxasına əyləşməliyik. Masada 3 illik müqavilə müzakirə ediləcək. Bir müddət öncə bunun üçün şifahi razılıq əldə etsək də, indi vəziyyət dəyişib. Belə məqamda qarşıdakı 3 ildə “Mersedes”də qalacağımı iddia edə bilmərəm. Suallar çoxdur. 2022-ci ildə mübarizəyə yeni maşınlar qoşulacaq. Onların nəyə qadir olacağını görmək istəyirəm. Hələ ki, heç kimlə danışıqlar aparmamışam və bunu etmək fikrim də yoxdur. Hər şeydən öncə “Mersedes”in rəhbəri Toto Volffla görüşməliyəm. Yaxın aylarda hansı qərar qəbul olunacağını özünüz də görəcəksiniz”.
Xatırladaq ki, Hemilton 2013-cü ildən “Mersedes”də çıxış edir və o bu komanda ilə 5 dəfə dünya çempionu olub. Buna qədər britaniyalı pilot 2009-cu ildə “Maklaren”də mövsümü birinci yerdə başa vurmuşdu.  

CANLI YAYIM