"Haas" iki pilotu ilə vidalaşır

23 Oktyabr, 16:11 Sosial mediada paylaşın:
Bu mövsüm Formula 1-də ən uğursuz komandalardan biri də “Haas”dır. Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatlarını təmsil edən bu komanda hazırda Mühəndislər Kubokunda 9-cu pillədə qərarlaşıb. Vəziyyətdən çıxış yolu axtaran rəhbərlik heyəti dəyişmək qərarına gəlib.
Növbəti mövsümdən Romeyn Qrojanla Kevin Maqnussen “Haas”da çıxış etməyəcək. Bu barədə pilotların özləri ictimaiyyətə məlumat verib. Əvvəlcə, Qrojan sosial şəbəkə hesabından komandadan gedəcəyini elan edib: “Mən “Haas” Formula 1-də iştirak etməyə başlayandan bu komandadayam. Bu 5 ildə enişli-çıxışlı dövr yaşadıq. 92 Qran-pridə 110 xal topladıq. Mən bu komandada pilot kimi inkişaf etdim. Burada keçirdiyim illəri heç vaxt unutmayacağam. “Haas”a bundan sonra uğurlar arzulayıram”.Bu bəyanatdan sonra Kevin Maqnussen də Amerika Birləşmiş Ştatlarını təmsil edən komandadan gedəcəyini açıqlayıb: “Haas”da sonuncu mövsümümü keçirirəm. Bu günə qədər mənə dəstək olan Cin Haas və Günter Ştaynerə təşəkkür edirəm. 4 il ərzində onlar mənə güvəndilər. Qarşıdakı 6 Qran-pridə maksimum dərəcədə yaxşı çıxış edəcəyəm”.Yeri gəlmişkən, “Haas”ın rəhbəri Günter Ştayner də bu iki pilotla yollarını ayırdıqlarını təsdiqləyib. O, indiki məqamda dəyişikliyə ehtiyac duyduqlarını söyləyib. Amma Ştayner növbəti mövsüm komandaya kimləri dəvət edəcəklərindən heç nə deməyib. Mətbuat isə Nikita Mazepin, Mik Şumaxer, Serxio Peres və Niko Hyulkenberq variantlarını qeyd edir.

CANLI YAYIM