Avstraliya Açıq tennis turniri təhlükə altında

16 Oktyabr, 17:28 Sosial mediada paylaşın:
Ötən həftə Avstraliya Açıq tennis turnirinin gələn ilin əvvəlində azarkeşlə keçirilə biləcəyi haqda xəbərlər dolaşırdısa, koronavirusun ikinci dalğasına görə vəziyyət acınacaqlı həddə çatıb. Avstraliyada koronavirusla əlaqədar qanunların sərtləşməsi nəticəsində turnir hətta baş tutmaya da bilər.
Avstraliya Açıq tennis turnirinin direktoru Kreyq Tili növbəti il üçün bədbin fikirlər səsləndirib. Onun sözlərinə görə, ölkədə qəbul olunmuş yeni qaydalar tətbiq olunsa, “Australian Open” baş tutmayacaq. Məsələ ondadır ki, ölkədə koronavirusun ikinci dalğasının sürətlə yayılması nəticəsində yerli hökümət sərt qaydalar tətbiq etmək məcburiyyətində qalıb. Belə ki, turnir ərəfəsində Avstraliyaya gələn hər bir şəxs iki həftə karantinə alınmalıdır.  Bu isə tennisçilərə sərf etmir. Belə olacağı təqdirdə Avstraliya Açıq tennis turniri baş tutmayacaq. Tilinin sözlərinə görə,  vəziyyət ciddiləşsə,  Avstraliya ümumiyyətlə sərhədlərini bağlı saxlamağa davam edə bilər. Hazırda ölkə heç bir turist qəbul etmir.
Xatırladaq ki, bu mövsüm  “Böyük Dəbilqə” seriyalı turnirlərdən yalnız “Australian Open” normal şəraitdə keçmişdi. Çünki bu ilin yanvarında koronavirus hələ Çinin sərhədlərini aşa bilməmişdi. Nəticədə ilin ilk “Böyük Dəbilqə” seriyalı turnirinin normal şəraitdə keçirilmişdi.

CANLI YAYIM