Anabolik steroidlərdən mütəmadi istifadənin fəsadları

24 Sentyabr, 14:30 Sosial mediada paylaşın:
Anabolik steroidlərdən istifadə və onun fəsadlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Gənclər və İdman Nazirliyi,  Milli Antidopinq Agentliyi,  TƏBİB,  eləcə də idman jurnalistlərinin iştirak etdiyi tədbirdə anabolik steroidlərdən mütəmadi istifadənin insan orqanizmində ciddi fəsadlara səbəb olduğu diqqətə çatdırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bildirib ki, dopinqin bir növü olan anabolik steroidlərdən istifadə peşəkar idmanın sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilir. Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Əsas səbəb isə  iştifadəçilərin qısa müddət ərzində istədikləri bədən quruluşuna sahib olmaq arzusudur.
AMADA rəhbərinin sözlərinə görə anabolik steroidlərdən istifadə edənlərin əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır. Bildirilib ki, steroidlərdən mütəmadi istifadə ürək tutması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir.  Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini də artırır.   Qeyd olnuub ki, AMADA-nın yaradılması ilə ölkədə peşəkar idmanda daimi dopinq nəzarətinin aparılması təmin edilib. Lakin, araşdırmalar və dünyada baş verən hadisələr göstərir ki, steroidlərdən istifadə ümumilikdə idman sahəsindən kənar çıxaraq ictimai xarakter alıb və artıq bütövlükdə cəmiyyət üçün təhlükə yaradır. Steroidlərin qanunsuz dövriyyəsi və satışı problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur.  Steroidlərin sosial şəbəkələr, internet mağazaları, hətta məşhur onlayn ticarət platformalarında satışı geniş yayılıb.  Məlumat verildib ki, AMADA tərəfindən gənclər arasında keçirilən sorğunun nəticəsində aydın olur ki, hər yeddi respondentdən birinə dopinq təklif edilib, onların 60%-nə isə bu təklif idman zalında və ya fitness mərkəzində edilib.  Ölkədə aidiyyəti dövlət qurumları belə hallarla mübarizəni mütəmadi olaraq həyata keçirir.
Tədbirdə ötən həftə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulduğu xüsusilə diqqətə çatdırılıb. Külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılmasına görə Dövlət Təhlükəsizlik Xidmətinə minnətdarlıq ifadə olunub.  Tədbirdə jurnalistləri maraqlanıran  suallara aydınlıq gətirilib.

CANLI YAYIM