Maykl Cordan NASCAR komandası yaradacaq

23 Sentyabr, 12:32 Sosial mediada paylaşın:
Adını basketbol tarixinə qızıl hərflərlə yazdıran Maykl Cordan Amerika Birləşmiş Ştatlarında təkcə öz sevimli idman növü ilə məşhurlaşmayıb. Basketbol oynadığı illərdə bir müddət karyerasına fasilə verərək beysbolla məşğul olan Cordan hazırda “Şarlott Hornets”  klubunun sahibidir. Lakin bununla da kifayətlənməyib Maykl, özünə daha bir məşğuliyyət tapıb. NBA əfsanəsi Maykl Cordan NASCAR seriyasında mübarizə aparacaq yeni komanda yaradacaq. Amerika Birləşmiş Ştatları  mətbuatının məlumatına görə, Cordanla yanaşı bu komandaya məşhur pilot Denni Hemlin də rəhbərlik edəcək. Mayklın belə bir komanda yaratmaq istəməsi onun uşaqlıq arzusu olub. Mətbuata açıqlama verən Cordan qərarı haqda bunları deyib : “Uşaqlıq illərimi Şimali Karolina ştatında keçirmişəm. O vaxt valideynlərim məni qardaş və bacılarımla birgə NASCAR yarışlarını izləməyə aparardı. Mən həyatım boyunca bu seriyanın fanatı olmuşam. Denni Hemlinlə birgə Bob Uollasın çıxış edəcəyi bir komandaya rəhbərlik etmək məni daha da həyəcanlandırır. Tarix boyunca NASCAR yarışlarında irqi ayrıseçkilik olub. İndi bu stereotipi məhv etmək üçün əlimizdə əla imkan var. Hazırda NASCAR çox inkişaf edib”,- deyə Maykl Cordan bildirib.  Yeri gəlmişkən, Cordanın rəhbərlik edəcəyi komandanın hansı ad və nömrə ilə çıxış edəcəyi hələ məlum deyil.  Xatırladaq ki, əfsanəvi basketbolçu hazırda NBA-da çıxış edən “Şarlott Hornets” klubunun sahibidir.  

CANLI YAYIM