Braun Formula 1-də yeni dövrün yetişdiyinə inanır

21 Sentyabr, 10:10 Sosial mediada paylaşın:
Son illər yüksək yerlər uğrunda mübarizə apara bilməsə də, bu mövsüm “Maklaren”in çıxışı diqqət çəkir. Təsadüfi deyil ki, bu komanda Mühəndislər Kubokunda yalnız “Mersedes” və “Red Bull”dan geri qalır. Bu isə gələcəklə bağlı “Maklaren” azarkeşlərini daha da ümidləndirir.
“Maklaren”in icraçı direktoru Zak Braun komandanın gələcək planlarından danışıb. Təcrübəli funksioner büdcələrlə bağlı limitin tətbiq ediləcəyini işlərinə müsbət təsir göstərəcəyini söyləyib: “Maklaren”in əsas hədəfi rəqiblərini qabaqlamaq və ilk pilləyə yüksəlməkdir. Son illər bu mənada “Mersedes” üstünlüyü ələ alıb. Əlbəttə, hazırda “Ferrari”dən üstün olmağımız məni sevindirir. Halbuki, son illər onlardan geri qalırdıq. Mənə elə gəlir ki, 2022-ci ildən etibarən bütün komandaların uğur qazanmaq şansı olacaq. Nəzərə alaq ki, “Reno” da iddiasını artıracaq. Hələ “Reysinq Point”i də unutmayaq. Onlar 4 qat dünya çempionu Sebastyan Fetteli heyətinə qatıb. Büdcələrə limit qoyulması işimizə yarayacaq. Beləliklə də biz Formula 1-də yeni eraya qədəm qoyacağıq”. Xatırladaq ki, Braun 2016-cı ildən “Maklaren”in icraçı direktoru vəzifəsində çalışır. Məhz onun gəlişindən sonra son illər iddiasını itirən komanda yüksəlişə keçib.

CANLI YAYIM