"US Open"in qalibi "Rolan Qarros"da çıxış etməyəcək

19 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Gələn həftənin əvvəli tennis həvəskarları daha bir “Böyük Dəbilqə” seriyalı turnirin həyəcanı ilə yaşayacaq. Parisdə keçiriləcək “Rolan Qarros” turnirində planetin ən güclü tennisçiləri yarışacaq. Buna baxmayaraq, Fransa Açıq tennis turnirində yarışmaqdan imtina edənlər də var. Amma “US Open”də çıxış etməyənlərdən bəzilərini də bu turnirdə görəcəyik.
ABŞ Açıq tennis turnirinin qalibi olan Naomi Osaka “Rolan Qarros”da çıxış etməyəcək. Bu barədə yaponiyalı tennisçinin özü sosial şəbəkə hesabında məlumat verib: “Son 3 həftədə mənə dəstək verən hər kəsə təşəkkür edirəm. Mən belə bir dəstək olmadan uğur qazana bilməzdim. Təəssüf ki, “Rolan Qarros” turnirində iştirak edə bilməyəcəyəm. Dizaltı vətərlərimlə bağlı problem yaşandığına görə belə bir addım atmaq qərarına gəldim. “US Open”lə “Rolan Qarros” turnirləri arasında fasilə az olduğuna görə seçim etməyə məcbur oldum. Parisdəki turnirin təşkilatçıları və iştirakçılarına uğurlar arzulayıram”.
Naomi Osakadan fərqli Rafael Nadal “US Open”də iştirak etmirdi.  Amma yaponiyalı tennisçinin iştirak etməyəcəyi turnirdə ispaniyalı raketka ustasını görəcəyik.  Sentyabrın 21-də start götürəcək turnirdən öncə Rafa şanslarından danışıb: “Rolan Qarros”da rəqabətədavamlı tennisçi olmaq üçün daha yaxşı çıxış etməliyəm. Uğur qazanmağa gedən yol məşqlərdə səylə çalışmaqdan keçir. Parisdə mümkün qədər çox oyun keçirməliyəm. Romadakı turnirdəki çıxışım nikbinliyə əsas verir. Əslində Romadakı “Masters” seriyalı yarışa heç vaxt hazırlıq turniri kimi baxmamışam. Mən burada həmişə motivasiyalı çıxış etmişəm”.

CANLI YAYIM